Sosial şəbəkələrdə mayın 9-da “erməni hərbçiləri”nin ağ bayraq altında Xankəndidə yürüş keçirdiyi haqda məlumatlar və şəkillər yayılıb. Erməni əsgərlərinin silahsız olması və yürüşdə ağ bayrağın dalğalanması diqqət çəkib. Bir də əllərində xaç olub.
Separatçıların ağ bayraqla yürüşü hansı anlama gəlir? Onlar ağ bayraq altında yürüşü rus sülhməramlılarının iştirakı olmadan keçiriblər.
Separatçıların ağ bayraqla yürüş etməsi hansı anlama gəlir?
Akif Nağı: “Ağ bayraq təslim olmaq işarəsidir”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı baki-xeber.com-a şərhində bildirdi ki, məğlub durumda olan ermənilər müxtəlif formada öz durumlarını ifadə edirlər. “Mayın 9-da separatçılar müxtəlif oyunlardan çıxmağa başladılar, amma heç bir nəticə əldə etmədilər. Erməni mətbuatı yazırdı ki, rus sülhməramlıları Xankəndidə separatçılarla birlikdə hərbi parad keçirəcəklər və s. Azərbaycan tərəfdən həm dövlət, həm də ictimaiyyət səviyyəsində buna etirazlar oldu. Rus sülhməramlıları hərbi hissənin ərazisində kiçik bir tədbir keçirdilər. Yəni bu, ermənilərin şişirdib təqdim etdikləri kimi parad deyildi. Bu da onu göstərir ki, Rusiya rəhbərliyi Azərbaycanın mövqeyi ilə hesablaşır, ermənilərin təxribatlarına uymur. Rusiya imkan vermir ki, ermənilər müxtəlif formalarda öz maraqlarını ortaya qoysunlar. İndi də separatçılar Xankəndidə ağ bayraq və xaçla yürüş keçiriblər. Ağ bayraq təslim olmaq işarəsidir. Hələ İkinci Qarabağ müharibəsinin gedişində müxtəlif siqnallar gəlirdi ki, Ağdərədə, Xocavənddə, digər istiqamətlərdə ermənilər ağ bayraq qaldırıb təslim olurlar. Hərbi dövrdə ağ bayraq təslim olmaq işarəsidir. Amma bu yürüşə ağ bayraqla çıxmaqları ilə bağlı müxtəlif fikirlər səsləndirmək olar. Separatçıların ağ bayraq və xaçla yürüş etmələri ilə separatçı rəhbərlərinin və Ermənistandakı bəzi qüvvələrin bəyanatları uyğunluq təşkil etmir. Bir tərəfdən Xankəndinin ortasında ağ bayraqla yürüş keçiriblər, o biri tərəfdən də “lider”ləri deyir ki, “biz məğlub olmamışıq”. Ağbayraqlı yürüşlə siyasətçilərin bəyanatları bir-birilə uzlaşmır”.
A.Nağı, həmçinin, qeyd etdi ki, hələ özləri ağ bayraqla yürüş etmələrinin səbəbini açıqlamırlar, amma xaçın da o yürüşdə görünməsi daha çox “xaçlıların yürüşü”nü xatırladır. “O zamanlar səlib yürüşçüləri ağ bayraq üstündə xaç müsəlman ölkələrinə doğru gediblər. Mənə elə gəlir ki, ermənilər Xankəndidə və Qarabağın rus sülhməramlılarının nəzarətində olan digər ərazilərindəki proseslərə dini xarakter vermək istəyirlər, bununla da xristian dünyasının diqqətini cəlb etmək məqsədi güdürlər. Ona görə də, ola bilsin, “xaçlılar hərəkatı”nı xristian dünyasına xatırlatmağa çalışırlar. Mən belə anlayıram. Bəlkə də buna son ümid yeri kimi baxırlar ki, xristian dünyasının diqqətini cəlb etsinlər. Erməni mətbuatını çox izləyirik və onların çox haqsız, ədalətsiz mövqelərinə artıq xristian dünyasının reaksiya vermədiyini özləri də etiraf edirlər. Dəfələrlə bununla bağlı xristian dünyasına etirazlarını çatdırıblar” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA