Azərbaycanın tarixi irsi olan abidələrimizin ermənilər tərəfindən saxtalaşdırılması bir faktdır. Çox təəssüflər olsun ki, bir sıra abidələrimiz qanunsuz olaraq ermənilərin adına pasportlaşdırılıb, onları “erməni abidələri” kimi “sənədləşdiriblər”. Təbii ki, bu prosesi ermənilər son 30 ildə daha da şiddətləndiriblər.
Artıq torpaqlarımız işğaldan azad olunub və bu da abidələrimizin tam olaraq qeydiyyata alınaraq pasportlaşdırılmasını aktuallaşdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Report”a deyib ki, azad edilmiş ərazilərdə abidələrin pasportlaşdırılmasına başlanıb. O qeyd edib ki, Vətən müharibəsi Azərbaycanın erməni işğalçıları üzərindəki tarixi qələbəsi və işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İşğal altında olarkən bu ərazilərdəki tarixi abidələri ermənilər dağıntılara və mənimsəmələrə məruz qoyublar. Hətta ermənilər mənimsədikləri abidələrin bəzilərini erməni abidələri adi ilə pasportlaşdırmışdılar.
Qeyd edək ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğalda olan zaman ermənilər tərəfindən dağıntılara və mənimsəmələrə məruz qalıb. Ermənilər tərəfindən mənimsənilən abidələr isə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və Orta əsrlərə aid xristian dini təyinatlı komplekslərdir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb və onlar tərəfindən mənimsənilib.
“Biz Qarabağ abidələrini pasportlaşdırmağa indi başlayırıq, eybi yox, qoy indi başlayaq, ancaq...”
Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq namizədi, maddi-mədəni irs üzrə tanınmış mütəxəssis Rizvan Qarabağlı bakı-xeber.com-a bildirdi ki, azad edilmiş ərazilərimizdə olan abidələrin pasportlaşdırılması işinə başlanması müsbət haldır. R.Qarabağlının sözlərinə görə, Sovet illərində Azərbaycan tərəfindən Qarabağdakı abidələrin pasportlaşdırılması prosesinə başlansa da, sonradan “vəsait yoxdur” adı altında Moskva pasportlaşdırmanı yarımçıq dayandırıb, bundan isə bədnam ermənilər istifadə ediblər. “Pasportlaşdırma məsələsi hələ Sovet dövründə gedirdi və o prosesdə bir mütəxəssis kimi mən də iştirak edirdim. Amma sonradan “maliyyə yoxdur” adı ilə proses dayandırıldı. Bilirsiniz, hər bir abidənin insan kimi pasportu olmalıdır. Pasportu olan abidə artıq respublikada rəsmi surətdə qorunur, pasportuna əsasən də hər bir abidə haqqında məlumat toplamaq olur. Dünyanın istənilən yerindən internet vasitəsilə o abidə haqqında məlumat əldə edə bilirsən. “Vikipediya”da abidələr haqqında məlumatlar qoyurlar, amma oradakı məlumatlar təpədən dırnağa qədər səhvdir. Abidələr pasportlaşmayanda onun haqqında məlumatlar səhv olur. Abidələrimizin pasportlaşdırılması çox gözəl addımdır, təqdirəlayiqdir. Mən Tiflisdə beynəlxalq konfransda olarkən ermənilərin Qarabağ abidələrinin pasportlarını da, onlara aid bukletləri də təqdim etdiklərinin şahidi oldum. Ermənilər saxtalaşdırdıqları Qarabağ abidələrinin pasportlarını hazırlayıblar və təbliğ edirdilər. Biz Qarabağ abidələrini pasportlaşdırmağa indi başlayırıq, eybi yox, qoy indi başlayaq, ancaq təki bütün Qarabağ abidələrini pasportlaşdıraq. Çünki bu çox vacib bir məsələdir”.
R.Qarabağlı bildirdi ki, o bu abidələrin mühafizə zonasının da təşkil edilməsini təklif edib, bütün bunlar pasportlaşmada qeyd edilməlidir. “Bu mühafizə zolaqları da abidələrin pasportuna salınmalıdır və onlar yerli bələdiyyələrə, mədəniyyət idarələrinə verilməlidir ki, abidələrin yerləşdikləri əraziləri gələcəkdə satmasınlar, yaxud icarəyə verməsinlər. Çünki gəlib abidələrin yaxınlığında elə bir obyekt tikərlər ki, artıq bu, həmin abidənin öz əhəmiyyətini itirməsinə səbəb ola bilər. Eyni zamanda da özünü itirir. Bir nümunə gətirim, Qazaxda bir Avey məbədi var, o məbədin böyründə daş karxanası yaradıblar. O daş karxanası həm relyefi korlayır, həm də orada olan maşın mexanizmlərinin hərəkətindən ərazidəki abidələr silkələnir. Hazırda o abidə dağılmaq qorxusu altındadır.
Qarabağ abidələrinin pasportlaşdırılması məsələsinin gerçəkləşdirilməsi çox müsbət haldır. Hətta neçə dəfə mən telekanallardakı çıxışımda, məqalələrimdə də qeyd etmişəm ki, Qarabağ abidələrinin təxirə salınmadan pasportlaşdırılması vacibdir. İndi bu işlər görülür” - deyə ekspert qeyd etdi.
İradə SARIYEVA