Məlum olduğu kimi, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişiklik edilir.
Dəyişikliklə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidə hesab olunacaq.
“Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin, qazilərimizin göstərdikləri şücaət hər kəs tərəfindən təqdir olunmalıdır”
Məsələ ilə bağlı fikir bildirən hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi vacibdir: “Ümumiyyətlə, Vətən müharibəsində iştirak edənlərlə, qazilərlə, şəhidlərlə bağlı atılan hər bir müsbət addım alqışalayiqdir. Vətən müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə hesab olunmalıdır. Onların yaşadıqları evlər vətəndaşlarımız tərəfindən ziyarət olunmalı, onların qəhrəmanlıqları unudulmamalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin, qazilərimizin göstərdikləri şücaət hər kəs tərəfindən təqdir olunmalıdır. Hər bir ölkə vətəndaşı öz şəhidini tanımalıdır. Onun adını uca tutmalıdır: “Şəhidlərimizin yaşadıqları evin muzey olması fikri alqışlanmalıdır. İlk öncə şəhidin ailəsinin yaşayışı təmin olunmalıdır. Daha sonra həmin ev muzeyə çevrilməlidir. Həmin evdə şəhidimizin istifadə etdiyi əşyalar, geyimlər qorunub saxlanmalıdır. Məktəblilər, ölkəmizə gələn xarici turistlər və beynəlxalq media təmsilçiləri şəhidlərin yaşadıqları evlə tanış olmalı, onun həyatı haqqında məlumat əldə etməlidirlər. Muzeyə gələn şəxslər şəhidlərimizin Vətən müharibəsində necə şücaət göstərərək torpaqlarımızı işğaldan azad etməsi haqqında məlumatla tanış olmalıdırlar”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda bir sıra şəxslərin ev muzeyi var. Şəhidlərimizə də eyni münasibət, eyni hörmət göstərilməlidir.
Günel CƏLİLOVA