44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsinin də önündə oldu. Onun dünyanın müxtəlif telekanallarına, saytlarına verdiyi müsahibələr bütün dünyada rezonans doğururdu. Prezident İlham Əliyevin müharibə dövründə BBC-yə verdiyi müsahibədən bir maraqlı hissə 5 mayda Tvitterdə yerləşdirilib.
“The BBC hadn’t prepared for this moment and it was beautiful” ("BBC bu an üçün hazırlaşmamışdı və çox gözəl idi") qeydi ilə yayılan, Prezidentin ötən ilin noyabrında BBC-yə vermiş olduğu müsahibədən bir parçaya Tvitterdə baxış sayı hazırda 3 milyon 3 minə yaxındır. Bu çox yüksək bir göstəricidir və Azərbaycan Prezidentinin olduqca peşəkar bir siyasətçi kimi davranışına olan münasibətdir. Çox nadir hallarda hansısa siyasətçinin çıxışına bu dərəcədə maraq və baxış, izləmə olur. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib, bu cür rezonans doğurmayıb. Həmin açıqlamaya dünyanın müxtəlif ölkələrindən rəylər yazılır, Azərbaycana dəstək ifadə olunur.
Yayılan parçada BBC-nin əməkdaşı müharibə ilə bağlı sualları dayandırır və müharibə gedən ölkədə insan haqları, demokratiya ilə bağlı qərəzli sual verir. Cavab isə möhtəşəm olur…
Ölkə başçısının məlum fikirlərinə marağın böyük olması nə ilə izah oluna bilər?
Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinə olan bu maraq təsadüfi deyil: “Xüsusilə də bir Şərq və müsəlman ölkəsi olaraq Azərbaycan dünyanın bəlli mərkəzlərinin diqqətindədir. Lakin bir qayda olaraq, həmin mərkəzlər kiçik ölkələrə və onun liderlərinə fərqli yanaşır. Daha çox ikinci sinif liderlər kimi qəbul edirlər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev o kateqoriyaya aid edilə bilmir. Çünki özünün bütün davranışları ilə dünyanın hər tərəfində təqdir görür. Prezident hər kəslə öz dilində danışmağı bacarır. O, Avropa ilə ilə avropalı, rusiyalı ilə rusiyalı kimi davranmağın yolunu bilir. Ən öndə gedən dünya liderlərilə bir sırada duranda belə böyük lider olduğunu göstərmiş olur. Güclü liderlik xüsusiyyəti onun şəxsiyyətində, xarakterində var. Onun heç bir sual qarşısında dili dolaşmır. Belə bir şəxsin mediaya verdiyi açıqlamalar diqqət çəkməyə bilməzdi. Onun qətiyyətli davranışı, sual qarşısında tutarlı cavablar verməsi hamının nəzərini cəlb etməliydi. İlham Əliyev dünya liderləri üçün əsl məktəbdir. Bu məktəbdən çox şeyi öyrənib, əxz etmək olar”.
Məhəmmədəli QƏRİBLİ