Dünənə qədər Ermənistanda Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni kökləri ilə öyünürdülər. Lakin artıq bu gün onu ciddi şəkildə tənqid edirlər. Lavrovun hava limanında erməni həmkarı Ayvazyan tərəfindən qarşılanması Ermənistanın Rusiya İmperiyasının vassalına çevrilməsi kimi təqdim olunur. Belə ki, Ermənistan XİN başçısının Moskvaya səfəri zamanı onu nazirin özü deyil, Rusiya XİN-in attaşesi qarşılayıb. Ermənilər unudurlar ki, onları 44 günlük müharibədə tamamilə darmadağın olmaqdan məhz Rusiya xilas edib.
Bu arada Lavrovun Qarabağ probleminin nizamlanması ilə bağlı İrəvanda söylədikləri erməniləri bərk qəzəbləndirib. Erməni mətbuatı məyus halda bunları yazır: “Rusiya xarici işlər naziri Sergey Lavrov bölgədəki bütün rabitə əlaqələri açılmayana və ermənilərlə azərbaycanlılar "on illər və yüzillər boyu olduğu kimi" sülh içində yaşamayana qədər Qarabağ probleminin nizamlanmasında siyasi məsələlərin müzakirəsini istisna etdi. Ermənistanın əsas müttəfiqi tərəfindən İrəvanda bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir. Bu o deməkdir ki, “Artsax”ın statusu məsələsi qeyri-müəyyən olaraq qalacaq”.
Bununla yanaşı, Lavrovu qınayırlar ki, birgəyaşayışın mümkün olmayacağını o dərk etmir. Hesab edirlər ki, gərək Lavrov bu məqamı vurğulayaydı.
Belə görünür ki, Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi fikirlər erməniləri bərk məyus edib.
“Ermənilər hər zaman himayədarlarına xəyanət ediblər”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, S.Lavrovun İrəvan səfərində səsləndirdiyi fikirlər müəyyən mənada ermənilər üçün gözlənilməz oldu: “Onlar elə düşünürdülər ki, Lavrov səfər çərçivəsində əsasən diversantlar və Dağlıq Qarabağın gorbagor olan status məsələsini qaldıracaq. Bununla belə, ümid edirdilər ki, ATƏT-in Minsk Qrupunun yenidən tənzimlənmə prosesinə qayıtmasına Kreml dəstək verəcək. Ancaq bu gözləntilər özünü doğrultmadı. Lavrovun İrəvan səfərinin əsas leytmotivi kommunikasiya xətlərinin açılması oldu. Lavrov açıq bəyan etdi ki, əvvəl nəqliyyat-kommunikasiya xətləri açılmalıdır, iki xalq arasında münasibətlər düzəlməlidir ondan sonra digər məsələlər müzakirə oluna bilər. Bu bədbəxtlər hələ də anlamaq istəmirlər ki, ermənilər böyük dövlətlərin əlində alətdirlər. Tarixən onlardan geosiyasi maraqları təmin etməkdən ötrü bir maşa kimi istifadə ediblər. Ermənilər isə hər zaman himayədarlarına xəyanət ediblər. Bəli, ermənilər zaman-zaman Lavrovun erməni kökənli olması ilə öyünüblər. Ancaq bu o demək deyil ki, Rusiyanın siyasətini Lavrov diqtə edir. Bu gün Rusiyanın siyasi xəttini Vladimir Putin müəyyən edir. Rusiya gördü ki, ərazilərimizin 20 faizi işğal altında olsa da, Azərbaycan enerji və nəqliyyat layihələrini reallaşdırdı. Erməniləri himayə etməklə bu və digər layihələrin əngəllənməsi mümkün deyil. Üstəlik, Türkiyənin də 30 il əvvəlki dövlət olmadığını gördülər. Bütün bunların nəticəsində yaranan əlverişli geosiyasi vəziyyət, Azərbaycan Ordusunun yüksək peşəkarlığı Rusiyanı məcbur etdi ki, Ermənistanı açıq müdafiə etməsin. Digər tərəfdən, Rusiya Qərbin sanksiyaları altındadır. İndi Rusiya məlum nəqliyyat xətlərinin açılmasını sürətləndirməklə, həm də sanksiyaların təsirlərini azaltmağa çalışır”.
Partiya sədri hesab edir ki, ermənilər nə qədər bu reallıqları tez qəbul etsələr, bu bir o qədər onların xeyrinə olacaq.
Vidadi ORDAHALLI