1992-ci ildə Konqresin qəbul etdiyi bədnam “907-ci düzəliş”in “a” bəndində göstərilir ki, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etsə, və bu haqda Konqresə məruzə etsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım qadağası birdəfəlik aradan qaldırıla bilər.
Bununla belə, həmin düzəlişdə qeyd olunur ki, prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, “a” bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
O da məlumdur ki, 10 noyabr razılaşmasında Cənubi Qafqaz regionunda, o cümlədən, Ermənistana və Dağlıq Qarabağa münasibətdə bloklanan bütün kommunikasiya və nəqliyyat xətlərinin açılması razılaşdırılıb. 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlə həmin razılaşmanın icrası üçün Azərbaycan, Ermənistan və Rusiya hökumət başçılarının müavinlərindən ibarət komissiya yaradılıb, bu istiqamətdə intensiv işlər gedir. Bu baxımdan, əslində, “907-ci düzəliş”in birdəfəlik ləğv edilməsi ilə bağlı tam əsas var. Çünki həm blokada aradan qaldırılıb, həm də güc tətbiqi dayandırılıb.
“O, erməni lobbisinin maraqlarının girovu olmasa, belə bir addım atacağını istisna etmirəm”
Məsələyə münasibət bildirən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin sözlərinə görə, “907-ci düzəliş”in birdəfəlik ləğvi ilə bağlı tam zəmin formalaşıb: “Sadəcə, Co Bayden özündə cəsarət tapıb bu addımı atmalıdır. Ümumiyyətlə, sözügedən düzəlişin qəbul edilməsi Azərbaycana yönəlik böyük bir haqsızlıq idi. O zaman Birləşmiş Ştatlar rəhbərliyinin erməni lobbisinin təsiri altına düşməsi, Azərbaycandakı Cəbhə hakimiyyətinin səriştəsizliyi üzündən bu düzəliş qəbul edildi. 2002-ci ilə qədər Azərbaycan ABŞ-ın birbaşa dövlət yardımından məhrum oldu. Sonra da hər il bu qadağa donduruldu. Bu gün bədnam düzəlişin tam ləğvi üçün zəmin yaranıb. Çünki 10 noyabr razılaşmasından irəli gələn addımlar, görülən işlər mövcud mənzərəni dəyişir. Qarabağ ətrafında hərbi faza başa çatıb. Kommunikasiya xətlərinin açılması istiqamətində real addımlar atılır. Belə olan halda, bu düzəlişin qüvvədə qalmasına heç bir siyasi və hüquqi əsas yoxdur. Sadəcə, Co Bayden özündə cəsarət tapıb bununla bağlı siyasi addım atmalıdır. O, erməni lobbisinin maraqlarının girovu olmasa, belə bir addım atacağını istisna etmirəm”.
Politoloq hesab edir ki, ABŞ prezidenti bölgədə yaranan yeni reallıqları nəzərə almalıdır.
Vidadi ORDAHALLI