Məğlub Ermənistanın siyasi dairələrinin həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir.
Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib. R.Usubov bildirib ki, müharibə müzəffər Ali Baş Komandanımızın sarsılmaz qüdrəti, Silahlı Qüvvələrimizin şücaəti və qəhrəmanlığı sayəsində düşmən üzərində tam qələbə ilə başa çatıb: “Bütün dünya da möhtərəm Prezidentimizin yaratdığı yeni hərbi, siyasi, coğrafi reallığı qəbul edir, onunla hesablaşır. Qatı millətçi siyasi qüvvələrin primitiv revanşist bəyanatları isə daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq erməni xalqının əksəriyyəti belə bu absurd rəylərə inanmır. Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur.
Ali Baş Komandan bu günlərdə verdiyi müsahibəsində də xüsusi vurğuladı ki, Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Prezident İlham Əliyevin bu məsələyə açıqladığı konkret münasibət belədir ki, ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.
Təhlükəsizliyə təhdiddən danışırıqsa, bir məsələni də unutmayaq. İstisnasız olaraq, bütün dövlətlər və xalqlar hansısa təhdiddən sığortalanmayıb, o cümlədən də Azərbaycan. Yəni qlobal terrorizmin hər gün daha da genişlənməsi, yeni münaqişə ocaqlarının davamlı artması, müharibə qurbanlarının sayının yüksəlməsi fonunda bütün dünya üçün real və böyük təhdidlər var.
Azərbaycan dövlətinin də fəaliyyətində üstünlük verdiyi başlıca istiqamətlərdən biri məhz bu təhdidlərə qarşı birgə mübarizənin təşkilidir. Elə Vətən savaşının da əsl mahiyyəti, Azərbaycanla yanaşı, bütün Qafqazı təhdid edən, Avrasiya məkanının sağlam və sabit inkişafına mane olan işğalçı aqressiv separatizmi, terrorizmi məhv etmək idi”.
Göründüyü kimi, Ramil Usubov Prezidentin adından Azərbaycan xalqına mühüm mesaj verib ki, biz ölkə olaraq Ermənistanın bir daha gücünü bərpa edib təhlükəyə çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan buna necə nail ola bilər?
Xüsusi xidmət orqanlarının sabiq əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan artıq buna nail olub: “44 günlük müharibənin gedişi göstərdi ki, Ermənistanın bütün hərbi resursu sıradan çıxarıldı. Ölkəmiz buna uzun illər boyu hazırlaşdı. Ermənistan isə müəvvəqəqti qalibiyyət eyforiyasına qapılıb, yerində sayırdı. Müharibə onların ordusunun hansı vəziyyətdə olduğunu göstərdi. Fərariliyə meylli şəxsi heyət, rusun köhnə silahları ilə öyünməyin axırının nə olduğunu yaxşı görə bildilər. Ermənistan birinci Qarabağ müharibəsini də öz gücünə udmamışdı. Sadəcə, o vaxtın reallıqlarından yaxşı istifadə edib, müvəqqəti irəliləyiş əldə etmişdi. Ancaq erməni xalqının xislətində bir çığallıq var. Onlar yenə də toparlanıb, qisas almağa meyllənməyə cəhd edəcəklər. Ölkəmizin yaratdığı yeni reallıqlar onları həm də tərbiyələndirib. Hazırda Ermənistanda revanşistlərin sayı müharibə istəyənlərdən qat-qat azdır. Artıq Azərbaycan Ermənistanın daxili proseslərinə nüfuz etmək kimi gücə sahibdir. Bundan sonra onların Qarabağda hansısa təxribat törədib, haranısa işğal etməsi qeyri-mümkündür. Ermənistanın iqtisadiyyatı isə uzun zaman onun hansısa hərbi gücə çevrilməsinə imkan vermir. Ən yaxşı halda, onlar açılan kommunikasiyaların hesabına iqtisadi vəziyyətlərini bir qədər dirçəldə bilərlər. Təbiidir ki, yenidən güc yığıb bizə qarşı çıxmaq onlara nəsib olmayacaq. Çünki Azərbaycan bütün parametrlər üzrə prosesləri nəzarətdə saxlayır. Üstəlik, Ermənistanın istənilən səhv cəhdini yerindəcə qarşılamaq gücünə və əzminə sahibdir. Hətta Ermənistana açıq şəkildə deyib ki, öhdəliklərə əməl etməsə, Azərbaycan bunu güc yolu ilə təmin edə bilər. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamanı yada salmaq kifayət edir ki, bizim Ermənistanı öz cızığına qaytarmağımızla bağlı əzmimizin hansı səviyyədə olduğunu müəyyən edəsən”.
Ekspertin sözlərinə görə, bundan sonra Ermənistanın ölkəmizlə silahlanma yarışına girməyə heç həvəsi də olmayacaq: “Çünki onları aclıqdan çıxmaq daha çox maraqlandırır”.
Məhəmmədəli QƏRİBLİ