Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənərək, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilib.
Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
Ölkəmizdə milli-mənəvi tolerantlığın, multikulturalizmin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza yaradılıb
Ulu öndər respublikada yaşayan bütün xalqlara, millətlərə, habelə dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara münasibəti bu cür bəyan edib: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ümummilli liderin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Böyük İpək Yolu üzərində, mədəniyyətlərin qovuşduğu yerdə təşəkkül tapmış Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkə olduğunu bildirməklə, ölkəmizdə bütün xalqların bərabər hüquqlara malik olduğunun təsdiqidir. Bütün bu hüquqlar 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında araya-ərsəyə gəlmiş Ali Qanunumuzda - Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda milli-mənəvi tolerantlığın, multikulturalizmin daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb.
Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var…
Konstitusiyamızın “Azərbaycan dövləti” adlı 7-ci maddəsində dövlətimizin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması, “Din və dövlət” adlı 18-ci maddəsində respublikada dinin dövlətdən ayrı olması və bütün dini etiqadların qanun qarşısında bərabərliyi göstərilib. “Bərabərlik hüququ” adlı 25-ci maddəsində isə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsi öz əksini tapıb. Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
“Mədəniyyət Haqqında” Qanunun 11-ci maddəsi dövlətin Azərbaycan ərazısində yaşayan bütün milli azlıqların mədəni kimliyinə önəm verməsinə hüquqi əsas yaradır. Azərbaycan Respublikası Konstitusiyasının “Vicdan azadlığı” adlı maddəsində hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüquqları təsbit edilib.
Milli qanunvericiliyin müddəaları ilə yanaşı, ölkəmiz bu məsələlərə dair beynəlxalq çağırışlara da həvəslə cavab verir
Bu müddəaların həyata keçirilməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını labüd etdi və beləliklə də ölkədə dövlət-din münasibətlərinin yeni, daha yüksək səviyyədə tənzimlənməsini, müsbət keyfiyyət dəyişikliklərini və islahatların sürətlənməsini təmin etmiş oldu.
Milli qanunvericiliyin müddəaları ilə yanaşı, ölkəmiz bu məsələlərə dair beynəlxalq çağırışlara da həvəslə cavab verir. Azərbaycan Respublikası ərazisində onun 1996-cı ildə qoşulduğu “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” və “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur. Bundan əlavə, 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının “Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası”nı imzalayıb. Ümummilli lider dövlət-din münasibətlərinə dair mövqeyini açıqlayarkən dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz hissəsi kimi təqdim edib. Bu mənada, “Dini etiqad azadlığı haqqında” Qanuna, zamanın tələbi olaraq, bir sıra əlavə və dəyişikliklərin edilməsi, tolerantlıq və dini dözümlülüyün möhkəmlənməsinə yönələn qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, Azərbaycanda və ümumilikdə, regionda ilk dəfə 1999-cu ildən etibarən 16 noyabrın “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd edilməsi baş verib.
Mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara daha səmərəli nəticələr əldə etmək məqsədilə…
Son illər bu siyasət daha təkmil formada inkişaf edib və bu sahədə bir sıra yeni genişmiqyaslı tədbirlər həyata keçirilib. Önəmlidir ki, mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara daha səmərəli nəticələr əldə etmək məqsədi ilə maliyyə vəsaitləri ayrılır, bu vəsaitdən dini qurumların müxtəlif problemlərinin həll olunmasında istifadə olunur. Ümumilikdə Azərbaycanda qeydiyyata alınmış 644 dini qurumun tərkibinə islamdan başqa həm də xristian, yəhudi, bəhai və krişna şüuru təmayüllü dini konfessiyalar da daxildir. Ölkə ərazisində 2000-dən çox məscidlə yanaşı 13 kilsə və 7 sinaqoq da fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev tolerantlığın və multikulturalizmin dövlət siyasətinə və cəmiyyətin həyat tərzinə çevrilməsinə xüsusi önəm verir: “Tolerantlıq artıq ölkəmizin vizit kartına çevrilib. Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir”. 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Prezident İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətə bununla bağlı mühüm mesajlar çatdırıb.
Azərbaycan Prezidentinin müvafiq fərmanları əsasında ölkəmizdə məhz dini, milli və multikultural məsələlərə daha diqqətlə yanaşmaq və bu istiqamətdə sistemli siyasət həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti, daha sonra isə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəzin fəaliyyəti məhz Azərbaycanda tolerantlığın, mədəni, dil və din müxtəlifliyinin qorunmasını təmin etmək, habelə ölkəmiz dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri araşdırmaq və təşviq etməyə yönəldi.
“Dünyada İslama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir”
İlahiyyatçı Tural İrfan hesab edir ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər: “ Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti də, əməli fəaliyyətində aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısı, mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli- mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır. Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dövlət-xalq birliyi sayəsində ictimai asayiş və əminamanlıq mövcuddur.
Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir”.
“Ölkəmizdə milli azlıqların, dini konfessiyaların qanunvericiliyin təkmilləşməsi istiqamətində təşəbbüslərinə ciddi önəm verilir”
Ekspertin sözlərinə görə, Azərbaycanın bu sahədə çox mükəmməl qanunvericilik bazası var: “Bunun formalaşmasında milli azlıqlar və dini konfensiyaların mövqeləri daima dinlənilir. Onların qanunvericilik təşəbbüslərilə çıxışlarına önəm verilir. Bu qəbildən olan icmaların rəhbərləri dövlət rəsmiləri tərəfindən qəbul edilir, hətta Milli Məclisin komitələrində keçirilən qanunvericilik təşəbbüslü tədbirlərə dəvət alırlar. Bu da o anlama gəlir ki, ölkəmizdə milli azlıqların, dini konfensiyaların qanunvericiliyin təkmilləşməsi istiqamətində təşəbbüslərinə ciddi önəm verilir”.
Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik, həm Azərbaycanda, həm də yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz ölkə daxilində dini konfessiyalar və etnik azlıqlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Bütün bunların da fonunda ölkəmiz bi sahədə möhkəm qanunvericilik bazasına sahibdir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.