ATƏT-in Minsk Qrupunun son bəyanatında “hərbi əsirlər” ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib. Bu barədə Ermənistan KİV-i yazır.
Erməni politoloq Knyaz Saroyan bununla əlaqədar hökumətdən cavab verilməsini istəyib: “Ümid edirəm ki, hakimiyyət nümayəndələri ATƏT-in Minsk Qrupunun son bəyanatında "prisoner of war" (hərbi əsir) ifadəsinin olmaması və Azərbaycanda saxlanan hərbi əsirlərin niyə yalnız saxlanan kimi təqdim olunması barədə izahat verəcək”.
Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın 3 ermənini azad etməsi qərarını alqışlayıblar. Onların yaydıqları bəyanatda qarşılıqlı etimad mühitinin yaradılması yolunda konkret addımlar atmaq tövsiyəsi verilib.
İstənilən halda, ATƏT-in Minsk Qrupunun bəyanatında “hərbi əsirlər”lə bağlı fikirlərin yer almaması maraqlıdır. Adətən, MQ ermənilərin maraqlarını özündə ifadə edən məqamlara zaman-zaman xüsusi önəm verib. O baxımdan MQ-nin bu dəfə öz “ənənəsinə” sadiq qalmamasını yaxşı hal saymaq olar. Bu, Azərbaycanın mənafeyinə cavab verir.
Maraqlıdır, MQ sözügedən ifadəni niyə işlətmədi?
“Postmüharibə dövründə yalnız bərpa işlərindən söhbət gedə bilər”
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqov bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe ilə əlaqədardır. Məsələ ondadır ki, ölkəmiz MQ-nin fəaliyyətindən narazıdır. Çünki uzun illər idi ki, MQ-nin vasitəçiliyi problemin həllinə gətirib çıxarmadı. Azərbaycan öz gücü hesabına əraziləri işğaldan azad etdi. Dəfələrlə rəsmi Bakı MQ-nin fəaliyyətini tənqid edib. Ona görə də ölkəmizin apardığı siyasət buna öz təsirini göstərib. Digər tərəfdən də sağlam düşüncəli məsələ var ortada. O da ondan ibarətdir ki, hüquqi nöqteyi-nəzərdən məsələyə yanaşanda bir sıra məqamlar ortadadır. Məsələ ondadır ki, erməni diversantlar 10 noyabr razılaşmasından sonra zərərsizləşdirildiyi üçün onlar hərbi əsir sayıla bilməz. 10 noyabr razılaşmasına Paşinyan da imza atıb. Belə olan halda, daha nələr baş verməlidir ki, məsələ başqa cür qiymətləndirilsin? Ona görə də hansısa “hərbi əsirlər” məsələsindən söhbət gedə bilməz. Postmüharibə dövründə yalnız bərpa işlərindən söhbət gedə bilər. ATƏT-in Minsk Qrupu anlayır ki, obyektiv mövqe sərgiləməsə, olan-qalan nüfuzunu da itirəcək”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan daim diplomatik səylərini artırmalıdır.
Vidadi ORDAHALLI