Azərbaycanın azad etdiyi Hadrut qəsəbəsində İkinci Qarabağ müharibəsindən sonra bütün tikililər, o cümlədən, erməni kilsəsi toxunulmaz qalıb. Bu barədə Rusiyanın "İzvestiya" qəzetində dərc olunan məqalədə deyilir.
Qeyd olunur ki, "İzvestiya" qəzetinin müxbiri Hadrut azad edildikdən sonra buraya ilk gələn xarici jurnalistlərin arasında olub: "Artıq heç kimin yaşamadığı qəsəbədə müharibə bitdikdən sonra hər şey toxunulmaz qalıb. Azərbaycanlı hərbçilər yalnız texnikanın keçməsi üçün yolları təmizləyib və ərazinin minalardan təmizlənməsini davam etdirirlər".
“İzvestiya" qəzetinin müxbiri Hadrutdakı kilsənin toxunulmaz olduğunu və ona heç bir ziyanın dəymədiyini qeyd edib. Ancaq ermənilər isə, hər zaman olduğu kimi, yenə də yalandan çağırış edərək bildirirdilər ki, guya adıçəkilən bölgədə kilsə dağıdılıb. “İzvestiya" qəzetinin müxbirinin açıqladığı fakt isə ermənilərin yalanını ifşa etdi.
“Ermənilər hər zaman yalan, yanlış məlumatlar yaymaqla dünyanın diqqətini cəlb etmək istəyirlər”
Məsələ ilə bağlı fikir bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, ermənilər hər zaman yalan, yanlış məlumatlar yaymaqla dünyanın diqqətini cəlb etmək istəyirlər: “Bütün dünya ermənilərin müharibədə məğlub olduqlarını bilir. Müharibədən sonra ermənilər özlərinə gələcəkləri barədə yollar axtarırlar. Onlar hazırda Qərbdə, İslam dünyasında dəstək axtarırlar. İşğalçı ölkə dəstək axtararkən diqqəti özlərinə cəlb etmək üçün din məsələsini qaldırır. Yalan qeyd edirlər ki, guya müharibə zamanı Azərbaycan tərəfi kilsəni dağıdıb. Ancaq həqiqət, reallıq ondan ibarətdir ki, Azərbaycan tərəfi işğal altında olan torpaqları azad edərkən dini və tarixi abidələrə qarşı həssaslıqla yanaşıb. Eyni zamanda, rəşadətli ordumuz dinc əhaliyə də qarşı olduqca həssaslıqla yanaşıb. Hətta bu yaxınlarda belə məlumat yayıldı ki, müharibələrin gedişi zamanı dinc əhali 50-55 faiz zərər çəkir. Həmin məlumatda xüsusi olaraq qeyd edilir ki, Azərbaycan tərəfi öz torpaqlarını işğaldan azad edərkən dünyaya daha bir nümunə göstərdi. Belə ki, hərbi əməliyyatlar elə həssaslıqla aparıldı ki, dinc əhaliyə qarşı hər hansı narahatlıq yaşatmadı. Azərbaycan tərəfi müharibə apararkən həm abidələrə, həm də dinc əhaliyə həssaslıqla yanaşdı. Artıq xarici media təmsilçiləri, beynəlxalq təşkilatlar erməni yalanını üzə çıxarırlar”.
Günel CƏLİLOVA