ABŞ-ın nüfuzlu “Politico” nəşri Rusiya və Amerika prezidentləri Vladimir Putinlə Co Baydenin görüşünün keçiriləcəyi potensial ölkələrin adını açıqlayıb.
Maraqlıdır ki, nəşr beş ölkə ilə yanaşı, Azərbaycanın da adını hallandırıb. Siyahıda mümkün görüş yerləri kimi İsveçrə, İslandiya, Finlandiya, Avstriya, Çexiya və Azərbaycanın adı çəkilib. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyana və Bakıda keçirilə bilər.
“Politico” hesab edir ki, Helsinki zirvə üçün seçilməyəcək: "Orada 2018-ci ildə Putin və ABŞ-ın ovaxtkı prezidenti Donald Tramp arasında keçirilən görüşdə baş verənlər nəzərə alınsa, bu şəhərdə görüş Baydenə "Trampın səhvini" düzəltmək üçün bir şans verə bilər. Ancaq ABŞ rəsmiləri bunu istisna edirlər. İslandiyaya gəlincə, hesab olunur ki, oraya çatmaq digər ölkələrlə müqayisədə daha çətindir. Bundan əlavə, İslandiya NATO-nun üzvüdür və indi Reykyavik yaxınlığında vulkan püskürür. 1986-cı ildə Mixail Qorbaçovla Ronald Reyqan İslandiyada görüşüblər".
Məlumatda, həmçinin, qeyd olunub ki, Bakı həm Rusiya, həm də ABŞ üçün yaxşı variant olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var.
Onu da qeyd edək ki, dəfələrlə ABŞ və Rusiya Baş Qərargah rəisləri Bakıda görüş keçiriblər. Azərbaycan bu kimi təmasların qurulması üçün bir neçə dəfə uğurlu məkan olaraq seçilib. Bütün hallarda, Bayden-Putin görüşünün Bakıda keçirilməsi nə dərəcədə realdır?
“Bu baş tutsa, İran ali rəhbərinin də Bakıda Baydenlə görüşü mümkün olacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun fikrincə, belə bir görüşün Bakıda keçirilməsi ehtimalı böyükdür: “Çünki dəfələrlə Rusiya-NATO, Rusiya-ABŞ ali hərbi rəhbərləri səviyyəsində Bakıda görüşlər keçirilib. Hər dəfə də Bakının davranışından razı qalıblar. Söhbət qonaqlara göstərilən yüksək xidmətdən getmir. Söhbət ondan gedir ki, Bakı artıq neçə ildir dünyaya həm də siyasi qonaqpərvərlik nümunəsini göstərir. Çünki tarixən bu kimi görüşlər əsasən Cenevrədə keçirilirdi. Orada da siyasi qonaqpərvərlik soyuq olardı. Əsl Şərq siyasi qonaqpərvərliyini Bakı ortaya qoydu. Həm də nəzərə almaq lazımdır ki, Bayden-Putin görüşündə İran məsələsi də müzakirə oluna bilər. Fikrimcə, Putin-Bayden görüşü Bakıda baş tutsa, bu, digər görüşlərə də vəsilə olacaq. Yəni İran ali rəhbərinin də Bakıda Baydenlə görüşü mümkün olacaq. Çünki İranın ali rəhbəri iki dövlətə gedə bilər. Biri İraqdır, digəri Azərbaycan. İraqda vəziyyət sabit deyil. Ona görə də belə bir görüş yalnız Bakıda ola bilər. Bütün hallarda, Bakı tarixi görüş üçün məkan seçilsə, bu, bizim üçün çox böyük avantaj verə bilər. Amerikanın yeni seçilmiş prezidenti ölkəmizə gəlir, Azərbaycan Prezidenti onu və Rusiya liderini qarşılayacaq, həm də müəyyən məsləhətləşmələr də aparacaqlar”.
Politoloq hesab edir ki, istənilən halda, Bakıda belə bir görüş keçirilsə, bu mühüm hadisə olacaq.
Vidadi ORDAHALLI