Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfəri bir sıra maraqlı məqamlarla yadda qaldı. Bu səfərdən sonra belə məlum oldu ki, Rusiya Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsində maraqlı tərəfdir. Elə bu da Ermənistanda bəzi qüvvələrin ciddi narazılığına gətirib çıxarıb.
Qeyd edək ki, Lavrov Dağlıq Qarabağda sülh şəraitində həyat qurmaq üçün gedən prosesləri siyasiləşdirməməyə çağırıb: “İndi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur. Proses kifayət qədər çətin gedir, çünki bu regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başadüşülən şeylərdir”. Lavrov qeyd edib ki, sözügedən məsələləri sonraya saxlayıb, əvvəlcə siyasi diskussiyalarla məşğul olmağa cəhd edənlər bütün prosesi alt-üst edirlər: “Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından - necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar - sonra həll etmək olar". O, baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəal və ahəngdar şəkildə çalışdığını da bildirib: “Bu fəaliyyətin bundan sonra da davam edərək Cənubi Qafqazdakı dayanlıqı iqtisadi inkişafı təmin etmək üçün rəsmi Bakı ilə İrəvan arasında dialoqun qurulmasına töhfə verməsində maraqlıyıq”. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan isə Sergey Lavrovla görüş zamanı bildirib ki, İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir: “Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Biz, həmçinin, tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün səylər göstərməyə hazırıq”. Lavrov və Paşinyanın bu açıqlamaları fonunda indi Ermənistanda fikirlər səslənir ki, Azərbaycan postmüharibə dövründə bütün istəklərinə nail olmaqdadır. Lavrovun regiona etdiyi səfərə toxunarkən erməni politoloq Sergey Şakaryants bu xüsusda bildirib ki, Nikol Paşinyan Ermənistanı Qarabağdan imtina etdirib. Şakaryantsın sözlərinə görə, bu səfərdən nə gözlənilə biləcəyini birmənalı şəkildə qeyd etmək çətindir: “Bir şeyi birmənalı şəkildə deyə bilərəm - Nikol Qarabağa tüpürüb. Biz artıq Qarabağın təhlükəsizliyinin qarantı deyilik. Paşinyan Azərbaycan və Türkiyənin köməyilə amerikalı Qoblun proqramını həyata keçirir. Və indi azərbaycanlılar Mehri ilə dəhliz açırlar”. Ermənistanın “Mühafizəkarlar” partiyasının sədri Mikayel Hayrapetyan da eyni mövqe sərgiləyir: “Qarabağda bizim üçün faciəvi proqram həyata keçirilib, 5000 gənc öldü, gələcəyimiz məhv edildi. İkinci mərhələ də var və Zəngəzuru itirmək təhlükəsi bizim üzərimizdə Domokl qılıncı kimi asılıb. Bu hakimiyyət Moskvanın göstərişlərinə tabedir”. Hayrapetyan bildirib ki, “erməni Qarabağı” artıq yoxdur, Qarabağın ən böyük hissəsi türklərə, qalanı isə ruslara verilib.
Beləliklə, Lavrovun Ermənistan səfəri bu ölkədə heç də hamını məmnun etməyib. Bunun əsas səbəbi odur ki, Lavrovun Ermənistana səfərində ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, əsas diqqət mərkəzində yer alan məsələlərdən biri də Qarabağ məsələsi üzrə üçtərəfli bəyanatlardan irəli gələn vəzifələrin həyata keçirilməsidir. Ekspertlər qeyd edir ki, Lavrovun Ermənistanda üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin icrasına xüsusi diqqət yetirməsi Rusiyanın sözügedən məsələyə yüksək diqqətinin real təzahürüdür. Rusiya imza atdığı bəyantlarda götürülmüş öhdəliklərin Ermənistan tərəfindən pozulması ilə razılaşmaq niyyətində deyil. Bu, Moskvanın regionda sülhyaratma cəhdlərinə, ümumilikdə Rusiyanın nüfuzuna zərbə hesab edilir. Rusiya, bu mənada, Ermənistanın destruktiv fəaliyyət cəhdlərinə səbrlə yanaşmaq niyyətində deyil. Kremlin baş diplomatının bu səbəbdən İrəvanda Qarabağ məsələsi ilə bağlı Ermənistanın öhdəliklərini xüsusi müzakirə predmetinə çevirməsi təsadüfi xarakter daşımır. Proqnozlora görə, qarşıdakı dövr ərzində Rusiya üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərinin icrası üçün Ermənistana təsir və təzyiqlərini artıracaq. Yaranmış vəziyyətdə bir sıra erməni nəşrlərində isə Rusiya Azərbaycanın yanında yer almaqda ittiham edilir. Lakin ekspertlər qeyd edir ki, bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb. Azərbaycan konkret fəaliyyəti ilə bu prosesə tam hazır olduğunu nümayiş etdirib. Regionda maraqlı tərəf olaraq Rusiya da Azərbaycan kimi burada davamlı sülhün bərqərar olmasını istəyir. Bundan sonra isə növbə Ermənistanındır. Ermənistan sülh və əməkdaşlıq istiqamətində addımlar atmayacağı, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə bu ölkənin gələcəyi məhvə məhkumdur. İrəvan sülh, əməkdaşlıq mühitinə zərbə vurmaq cəhdlərindən əl çəkməsə, yenidən Azərbaycanın dəmir yumruğunun zərbəsini dadmalı olacaq.
Tahir TAĞIYEV