Seçkiqabağı Ermənistanda siyasi qüvvələr arasında qarşılıqlı ittihamların artması müşahidə edilməkdədir. Bu fonda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinayan ölkənin sabiq prezidenti Serj Sarkisyanla bağlı qalmaqallı açıqlama verib.
Paşinyan bildirib ki, Sarkisyan hakimiyyətdə olduğu vaxt daha çox torpaq təklif edib, ancaq Azərbaycan qəbul etməyib: “Sarkisyan Azərbaycanın həmişə yeni tələblər irəli sürdüyünü iddia edir. Ancaq mən sizə yeni məlumat verəcəm, Sarkisyan 7 rayondan başqa Qarabağın da yarısını təklif etdi, ancaq Azərbaycan bunu qəbul etmədi”. Bundan başqa o, digər sabiq prezident Robert Köçəryanı da ölkəyə xəyanətdə ittiham edib. “1in.am” nəşri bu fonda yazır: "Günümüzdə, xüsusən də Qarabağ müharibəsindən sonra məlumat axınları o qədər çoxalıb ki, çox tez-tez əslində vaxtilə kimin nə dediyini və ya etdiyini, lakin həmin bu insanların bu gün əksini iddia etdiklərini, özləri-özlərinə qarşı çıxdıqlarını unudurlar. 1999-cu ildə İstanbulda ATƏT-in sammitində Robert Köçəryanın “İnsan hüquqları sahəsi” bölməsinin 19-cu maddəsinin lehinə səs verməsi bütün bunların parlaq nümunəsidir. 1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammitində dövlət və hökumət rəhbərləri tərəfindən qəbul edilmiş Avropa Təhlükəsizlik Xartiyasının “İnsan hüquqları sahəsi” bölməsinin 19-cu maddəsindən sitat: “İnsan hüquqlarına, o cümlədən milli azlıqlara mənsub şəxslərin hüquqlarına tam hörmət, bunun özlüyündə məqsəd olmasından başqa, pozulmamalıdır, əksinə, ərazi bütövlüyünü və suverenliyi möhkəmləndirməlidir. Muxtariyyətin müxtəlif konsepsiyaları, eləcə də ATƏT-in prinsiplərinə uyğun gələn yuxarıda qeyd olunmuş başqa yanaşmalar mövcud olan dövlətin tərkibində milli azlıqların etnik, dil və dini kimliyinin qorunması və təşiqi vasitələridir”. Ermənistanı təmsil edən Robert Köçəryan bu formulanın lehinə səs verib, qəbul edib ki, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi Azərbaycan tərkibində baş verə bilər”. Bununla, Köçəryan da satqınlıqda ittiham edilir.
Belə bir vaxtda İrəvan məhkəməsi Robert Köçəryanın Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb. Paşinyan böhtanda günahlandırılır. İddia 2020-ci ilin aprelində qaldırılıb. Sabiq prezidentin vəkillər komandasının mətbuat katibi Elina Saakova bildirib ki, iddia Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik bölgəsindəki mitinqlərdən birində verdiyi bəyanatla bağlıdır. Belə ki, Paşinyan mitinq zamanı Köçəryanın topladığı böyük məbləğdə pul vəsaitini ordunun ehtiyaclarına yönəldəcəyinə söz verib. Amma Köçəryan belə pul toplamadığını bildirir. Mətbuat katibinin sözlərinə görə, iddiaçı 2 milyon dram, təxminən 4 min dollar təzminat tələb edir. Bundan əvvəl də Köçəryanın vəkilləri Paşinyana qarşı iddia qaldırıblar. İddia hökumət başçısının sabiq prezidenti 2008-ci ildə müxalifət nümayişləri zamanı qətllər təşkil etməkdə günahlandırması ilə bağlı irəli sürülüb.
Bununla yanaşı, sabiq prezidentlər seçkilərə də ciddi hazırlıq görür. Bu haqda danışmazdan öncə qeyd edək ki, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək və digər siyasi qüvvələrlə blok yaratmayacaq. Parlamentdə hakim "Mənim addımım" blokunun lideri Lilit Makunts da faktı təsdiq edib: “Vətəndaş Müqaviləsi” partiyası seçkidə blok şəklində yox, ayrıca partiya kimi iştirak edəcək. Baş nazir əvəzi Nikol Paşinyanın dediyi kimi, bizim seçki şüarımız “Gələcək var” olacaq”. Xanım Makunts partiyanın seçkiqabağı siyahısına kimlərin daxil olacağını bildirməyib, amma deyib ki, siyahıda yeni adlar olacaq: “Siyahılara gəlincə isə, icazə verin, indiki vaxtda bir neçə səbəb üzündən heç bir məlumat verməyim. Birincisi ona görə ki, artıq dediyim kimi, biz siyahını mayın 10-dan sonra açıqlayacağıq. Bunu deyə bilərəm ki, seçkiqabağı siyahıda yeni adlar olacaq. Siyahı partiyalar haqqında qanuna müvafiq olaraq hazırlanacaq”. Xatırladaq ki, iyunun 20-də növbədənkənar seçkinin keçirilməsi üçün Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verib. Ermənistan Konstitusiyasının tələblərinə görə, erkən seçkinin keçirilməsi üçün Milli Məclis buraxılmalıdır. Parlament isə iki həftə ərzində iki dəfə baş nazir seçə bilməyəndə buraxılır. Mayın 3-də parlament artıq bir dəfə Paşinyanı baş nazir seçməyib. Milli Məclisin növbəti iclası mayın 10-da olmalıdır.
Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər. Ekspertlərin fikrincə, Paşinyanın partiyasının əsas rəqibləri keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın siyasi blokları olacaq. Artıq “Daşnaksütyun” partiyası 20 iyun seçkisinə Robert Köçəryanla və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda qatılacağını təsdiq edib. “Dirçələn Ermənistan” partiyasına Sünik vilayətinin keçmiş qubernatoru Vahe Akopyan başçılıq edir. Lakin bütövlükdə blokun liderliyini Robert Köçəryan edəcək. “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan da bunu təsdiq edib. Saqatelyan bildirib ki, partiyası indiki siyasi situasiyada bu qərarı qəbul edərkən keçmiş prezidentin böhranı aradan qaldırmaq və ölkəni inkişaf yoluna qoymaq təcrübəsini nəzərə alıb. “Dirçələn Ermənistan” partiyası da seçkiyə “Daşnaksütyun” və Robert Köçəryanla vahid blokda gedəcəyini təsdiqləyib. Bundan əvvəl isə Köçəryan kimi əslən qarabağlı olan keçmiş prezident Serj Sarkisyan 20 iyun seçkisinə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda qatılacağını bidirib.
Nahid SALAYEV