Amerikalı konqresmen Adam Şiff öz “Facebook” səhifəsində həqiqətə uyğun olmayan məlumat paylaşıb. O, iddia edib ki, guya Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı Qarabağ ərazisində “mülki şəxslər” də daxil olmaqla, 19 nəfər erməni əsirinə qarşı “beynəlxalq hüquq normalarına zidd davranıb”, onlara “işgəncə verərək öldürüb”.
Bilirik ki, hazırda Azərbaycan tərəfdə Ermənistanın heç bir hərbi əsiri yoxdur. Mülki şəxslərə gəlincə, onlar elə mübaribənin gedişi zamanı Ermənistana təhvil verilib. Azərbaycan tərəfin erməni əsirlərlə humanist davranışı göz qabağında olub və ermənilərin müalicə, yemək-içməklə, geyimlə təmin edildiyi, sağlam şəkildə Ermənistana göndərildiyi məlumdur. Azərbaycanın erməni əsirləri ilə necə davrandığını da beynəlxalq təşkilatlar yaxşı bilirlər, belə bir hal baş versəydi, bu, beynəlxalq təşkilatların hesabatında sağa-sola fırladılardı.
Ekspertlər deyirlər ki, amerikalı konqresimenin ortaya atdığı iddia iftiradan başqa bir şey deyil, bütün səylər, təzyiqlər, şər-qarayaxma kampaniyaları 2020-ci il 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən erməni terrorçularının Ermənistana təhvil verilməsinə nail olmağa yönəlib.
“...o, erməni pul kisəsinə xidmət edən satqın, vicdanını, ləyaqətini itirmiş birisidir”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, bu məsələ ermənilər və ermənipərəst qüvvələr tərəfindən ortaya atılan bir iddiadır və bunun heç bir əsası yoxdur. A.Şiffin də ABŞ-ın erməni lobbisinin satın aldığı konqresmenlərdən biri olduğunu və bu səbəbdən də ermənilərin əlində oyuncağa çevrildiyini deyən A.Nağının sözlərinə görə, amerikalı konqresmen Azərbaycana iftira atmaqla öz mahiyyətini ortaya qoyur. “Guya bu iddia ilə Ermənistandan olan hüquq müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Onlar da oradan götürüb bunu tirajlayıb yayırlar. Biz Adam Şiffi 2005-ci ildən izləyirik, o, erməni pul kisəsinə xidmət edən satqın, vicdanını, ləyaqətini itirmiş birisidir. Onlar ABŞ-dakı varlı ermənilər tərəfindən ələ alınan bir qrupdur, bu qrupda Şiff də var. Şiff bir muzdludur və aldığı pulun müqabilində ermənilərin yalanlarını, saxtakarlıqlarını, Azərbaycana qarşı iftiralarını Konqresdə, başqa yerlərdə müdafiə, beynəlxalq təşkilatlara müraciətlər edir, hansısa qərarın qəbul olunması üçün təşəbbüslər göstərir. Şiff haqqında Azərbaycanda da, Amerika cəmiyyətində də tam aydın şəkildə təsəvvür var. Azərbaycanda dəfələrlə onun haqqında fikirlər səsləndirilib. Şiff, birmənalı şəkildə, ermənilərə xidmət edir və o, erməni lobbisinin muzdlu xidmətçilərindən biridir. Şiffin ortaya atdığı iddia yalandan, böhtandan başqa bir şey deyil”.
A.Nağı qeyd etdi ki, bu böhtan dolu məsələ Avropa Məhkəməsinə çıxarılarsa, Azərbaycan orada faktları ortaya qoyub, həqiqətin bərqərar olmasını tələb etməli, ermənilərin və ermənipərəstlərin iftiralarını, iddialarını ifşa etməlidir. “Konqresmenin Azərbaycana atdığı iftira ilə bağlı isə dövlətimiz ləngimədən bütün sənədləri toplayıb Şiffi beynəlxalq məhkəməyə verməlidir ki, siz hansı faktlar əsasında bizə qarşı bu cür ittihamla çıxış edirsiniz. Belə böhtan kampaniyalarının üstündən keçmək lazım deyil, artıq belələrini məhkəməyə vermək praktikasına keçilməlidir. Təmkinlə davranıb istədiyimizə nail olmalıyıq. Bu gün anti-Azərbaycan qüvvələri birləşib davamlı şəkildə Azərbaycanın üzərinə çirkab, şər-böhtan atırlar. Biz də onları məhkəməyə verib cəzalandırılmalarına nail olmalıyıq”.
A.Nağı hesab edir ki, bu gün xaricdə yaşayan, beynəlxalq hüququ yaxşı bilən soydaşlarımız var, həm onların, həm də diasporun potensialından istifadə edərək A.Şiff kimilərini beynəlxalq məhkəməyə verməliyik.
İradə SARIYEVA