Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.
Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.
Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.
"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.
Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.