Ermənistan 44 günlük müharibə zamanı aldığı zərbənin şokundan çıxa bilmir. Bunun nəticəsidir ki, bütün istiqamətdə bu yöndə müzakirə və mübahisələr davam edir. İndi də qarşı tərəf Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı yenidənqurma və bərpa işlərindən bərk narahat olmağa başlayıb. Bununla bağlı müxtəlif müqayisələr aparılır.
Erməni mediası yazır ki, Azərbaycan Qarabağa investisiya cəlb edir, biz isə boş şüarlar səsləndiririk: “Azərbaycanda baş verən son hadisələri izləyirsinizmi? Görürsünüzmü ki, onlar Qarabağ ərazilərində hansı layihələri reallaşdırmağa çalışırlar? Xüsusən də bunu Türkiyə, Çin, İtaliya, İsrail və digər ölkələrdən investisiya axınları gətirməklə edirlər. Bu ərazilərdə nələr tikilir, hansı yeni infrastruktur layihələri inkişaf etdirilir, yeni nəqliyyat istiqamətlərinin yaradılması üçün hansı təşəbbüslər edilir, hansı yeni regional layihələrə cəlb olunduqlarına baxın. Bəs siz bizim boş şüarımızı da gördünüzmü - “Ermənistanın gələcəyi var”. Müharibədən sonra heç bir xarici şirkət Ermənistana sərmayə yatırmaqla bağlı müqavilə bağlamayıb”.
Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu günlərdə xalqa ünvanladığı müraciətdə ölkəsinin gələcəyinin parlaq olacağını bəyan etmişdi. Onun bu açıqlaması bir çoxu tərəfindən gülüş və ikrahla qarşılanıb. Bəlli olur ki, Ermənistan rəhbərliyi cəmiyyətə boş vədlər yedizdirməklə məşğul olur. Belə olmasaydı, o zaman xarici sərmayədarlar Ermənistana maraq göstərərdilər.
“Xarici tərəfdaşlar yaxşı bilirlər ki, Azərbaycana qoyulan sərmayə batmayacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Ermənistan lənətlənmiş bir ölkədir: “Çünki xəstə bir cəmiyyət orada yaşayır. Nə edək ki, belə bir xəstə toplumla qonşuluqda yaşayırıq. Ermənistana hansı sərmayədən söhbət gedə bilər ki, bu ölkə qonşularına münasibətdə ərazi iddiaları ilə çıxış edir. “Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayırlar. Müharibədə uğradıqları acı məğlubiyyətə rəğmən, revanşist düşüncə ilə yaşayırlar. Hansı sərmayədən söhbət gedə bilər ki, Ermənistan uzun illərdir ələbaxan bir dövlətdir. Ordan-burdan dilənməklə, xarici iaənələr hesabına yaşayırlar. Ermənistandan fərqli olaraq, Azərbaycan etibarlı tərəfdaşdır. Öz öhdəliklərinə hər zaman sadiq olub. Üstəlik, ölkəmizin zəngin maliyyə resursları var. Xarici tərəfdaşlar yaxşı bilirlər ki, Azərbaycana qoyulan sərmayə batmayacaq. 1994-cü ildən üzü bəri ortada real təcrübə var. Bunun nəticəsidir ki, daha çox ölkə azad olunan ərazilərin bərpasında iştirak etməyə can atır. Ermənilər də bunu görüb pərişan olurlar. Bax, budur reallıq”.
Şərqşünas hesab edir ki, Vətən müharibəsi regionda tamamilə yeni vəziyyət yaradıb və bu da, bütün mənalarda, xeyrimizə işləyir.
Vidadi ORDAHALLI