Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan Qaregin Njdenin Xocavəndin mərkəzindəki abidəsinin sökülməsini təklif edib. Bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinə Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan məlumat verib.
Radiostansiyanın məlumatına görə, V.Balasanyan nasist əlaltısı Q.Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant - abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib.
Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya sülhməramlı kontingentinin rəhbərliyi təkid edir.
Xatırladaq ki, Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib. Daha sonra isə Avropaya köç edərək, faşist hərəkatına qoşulub. Onun qəhrəman kimi qəbul edilməsinə etirazı ən yüksək tribunadan Prezident İlham Əliyev edib. Bundan sonra Rusiyanın bir neçə şəhərində Njdenin xatirə lövhələri söküldü. Artıq vəziyyət o həddə çatıb ki, hətta terroristlərin liderləri belə heykəlin sökülməsinin zəruriliyini qəbul etməyə başlayıb.
Moskvaətrafı Dolqoprudnensk müharibə veteranları, silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranları cəmiyyəti federal hakimiyyətə faşist Njdenin Qarabağdakı abidəsinin demontajı ilə bağlı çağırış edib və xatırladıb ki, faşizm xidmətçilərinin qəhrəmanlaşdırılması yolverilməzdir. Müvafiq müraciət Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə göndərilib. Müraciətdə Njde tərəfindən formalaşdırılmış erməni əsirlərin Vermaxtın “Erməni legionu” sıralarında törətdiyi cinayətlərdən bəhs edilir, onların Polşada, Ukraynada, minlərlə dinc sakinə qarşı qanlı əməlləri, Qərbi Krımda 20 mindən çox insanı qətlə yetirmələri barədə bəhs olunur.
Njde ilə bağlı yaşananlarda Azərbaycanın apardığı təbliğatın hansı rolu olub?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, faşizm üzərindəki qələbə keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirir: “Sözügedən abidənin Qələbə Gününü qeyd etməyə hazırlaşan Rusiya sülhməramlı kontingentinin xidmət etdiyi ərazidə yerləşməsi Moskvanın öz nüfuzuna da ziyandır. Bu, faşizmin qəhrəmanlaşdırılmasına qarşı prinsipial mübarizə aparan Rusiyanın mövqeyini dəyişgən kimi qələmə verir. Azərbaycan bu təbliğatın önündə gedib. Prezident İlham Əliyev Türkmənistanın paytaxtında MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında məhz Njde ilə bağlı ətraflı çıxış etdi və Ermənistanın simasını ortaya qoydu. Digər MDB dövlətləri də bununla bağlı lazımi addımlar atmalı və mövqe ortaya qoymalıdır. Çünki Ermənistanın Njdeni “qəhrəmanlaşdırması” bütün MDB dövlətlərinə, onların keçmişinə, tarixinə hörmətsizlikdir. Ona görə də bu abidənin hələ də qalması yolverilməzdir. Njdenin bir heykəli də İrəvanın mərkəzindədir. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına dəfələrlə etirazını bildirib. Ancaq faydası olmayıb. Prezident İlham Əliyevin bu problemi ən yüksək tribunadan səsləndirməsi anti-Njde hərəkatına sanki yeni impuls verdi. Artıq Qarabağdakı separatçıların ən qatı terrorçularından olanlar da heykəlin demontaj edilməsini istəyir. Mənə elə gəlir ki, təbliğatı bu yöndə aparmaq lazımdır. Əminəm ki, belə davam edərsə, onların İrəvanda ucaltdıqları Njdenin heykəlini də sökdürməyə müvəffəq olacağıq”.
Məhəmmədəli QƏRİBLİ