BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma “erməni soyqırımı” iddialarına cavab olaraq bildirib ki, bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır.
BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da soyqırımın bir cinayət kimi tanındığını xatırladan V.Bozkır qeyd edib ki, bu cinayət səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən təyin edilməli, yeni bir hadisəni soyqırım olaraq qəbul etmək üçün məhkəmə qərarı olmalıdır: “BMT-nin soyqırımın nə olması ilə bağlı mövqeyi də adıçəkilən konvensiya ilə uyğunluq təşkil edir və qurum rəsmiləri tərəfindən də dəfələrlə təkrarlanıb”. Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden aprelin 24-də verdiyi açıqlamada 1915-ci il hadisələrini “soyqırımı” adlandırıb. Bozkırın münasibətini eyni zamanda BMT kimi mötəbər bir qurumun Baydenə verdiyi cavab kimi dəyərləndirmək olarmı?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, soyqırım cinayətləri ilə bağlı BMT-nin qəbul etdiyi Konvensiya var: “Bu istiqamətdə olan mübahisələr Konvensiya qəbul ediləndən sonra baş verən proseslərə aid olunur. İddia olunan hadisə isə Konvensiyanın qəbulundan öncəyə təsadüf edir. “Roma statusu” adlı bir beynəlxalq cinayətlərin məhkəmə instansiyası da var. Orada işə baxılması üçün həmin məhkəmənin yurisdiksiyasını tanımalısan. Mənim bildiyimə görə, Ermənistan həmin məhkəmənin yurisdiksyasını tanımayıb. Hadisənin Roma Məhkəməsi təsis ediləndən sonra baş verməsi vacibdir. Bu cür cinayətlərə qiymət vermək üçün BMT-nin nəzdində bir tribunal yaradılmalıdır. Bu da BMT Təhlükəsizlik Şurasının səlahiyyətinə aid olan məsələdir. Konvensiyaların qəbulundan sonra baş verən proseslərlə bağlı iddia müddətləri başa çatdıqda belə, o işlərə baxıla bilir. Cinayət məsuliyyətini aradan qaldıran səbəblər burada keçərli deyil. Bu, Xocalıya aid ola bilər. Çünki bu hadisə 1992-ci ildə baş verib, Konvensiya isə 1951-ci ildə qəbul edilib. BMT Baş Assambleyası sədrinin bu fikri söyləməsi doğrudur və reallığı əks etdirir. Haqlı və hüquqa söykənən bir mövqedir. Çünki o zaman ermənilər yox, türklər erməni daşnakları tərəfindən məhv edilib. ABŞ prezidentinin söylədiyi fikrin hər hansı bir hüquqi məsuliyyəti də yoxdur. Çünki onun iddia etdiyi məsələ tarixi məsələdir, bunu alimlər araşdırmalıdır. Arxiv sənədləri də təsdiq edir ki, belə bir hadisə olmayıb. Bununla ABŞ prezidentləri daima öz xeyirləri üçün manipulyasiya ediblər. BMT-dən səslənən fikri Baydenə verilən tutarlı cavab kimi də dəyərləndirə bilərik”.
Məhəmmədəli QƏRİBLİ