ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Shofer) saxlanan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıblar.
Bununla belə, həmsədrlər 13 aprel açıqlamalarına toxunaraq tərəfləri minaların təmizlənməsi üçün lazım olan bütün məlumatları paylaşmağa çağırıblar. Həmsədrlər tərəfləri 13 aprel həmsədrlərin bəyanatında göstərilən qalan məsələləri həll etməklə davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırlar.
Diqqətçəkən məqam həmsədrlərin növbəti dəfə tərəflərin məsuliyyətini yersiz şəkildə bərabərləşdirmək cəhdidir. Söhbət ondan gedir ki, həmsədrlər tərəfləri minaların təmizlənməsi üçün lazım olan bütün məlumatları paylaşmağa çağırır və bunu Azərbaycan tərəfinə də şamil edirlər. Məgər Azərbaycan əraziləri minalayıb ki, bununla bağlı informasiyaları qarşı tərəfə versin? Əraziləri Ermənistan tərəfi necə gəldi minalayıb və nümayişkaranə şəkildə xəritələri vermək istəmir. Minalarla bağlı məsələni konkret demək bu qədər çətindir?
“Hər fürsətdə çalışırlar ki, Ermənistan zəif duruma düşməsin”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, bu cür çağırış ATƏT-in Minsk Qrupunun növbəti ənənəvi riyakar mövqeyinin göstəricisidir: “Məlum olduğu kimi, həmsədrlər bütün fəaliyyəti dövründə ədalətsiz, ikiüzlü mövqedən çıxış ediblər. Ötən illər ərzində bir dəfə olsun işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymayıblar. Azərbaycan həmsədrlərin 30 ildə görmək istəmədiyi işi 44 gün ərzində görüb. Buna rəğmən, Minsk Qrupu həmsədrləri ikiüzlü mövqedən çıxış edirlər. Əraziləri Azərbaycan yox, Ermənistan minalayıb. Azərbaycanın mülki insanları, hərbçiləri bundan əziyyət çəkirlər. Azərbaycan Ordusu müharibə dövründə ərazilərimizi işğaldan azad edib. Belə olan halda, əraziləri niyə minalasın ki? O üzdən, ATƏT-in borcudur ki, hər iki tərəfə yox, məhz Ermənistana bununla bağlı çağırış etsin. Bütün bunlar bir daha həmsədrlərin ədalətsiz, qərəzli mövqedən çıxış etdiklərini sübut edir. Məqsəd odur ki, Ermənistanın işğalçılıq niyyətlərini, müharibə qanunlarını pozmasını demək istəmirlər. Hər fürsətdə çalışırlar ki, Ermənistan zəif duruma düşməsin. Diversantların azad edilməsi ilə bağlı min cür hoqqadan çıxırlar. Hər vasitə ilə çalışırlar ki, onlar geri qaytarılsın. Ancaq minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana təzyiq göstərilmir. Utanmadan ümumi xarakterli çağırışlar edirlər”.
V.Rəhimzadə hesab edir ki, Minsk Qrupundan ədalətli mövqe gözləməyə dəyməz.
Vidadi ORDAHALLI