Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon söhbətində liderlər Qarabağ məsələsini, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə edib.
Bundan başqa, Ərdoğan və Putin Liviya, Suriya münaqişələri, eləcə də pandemiya ilə mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparıb. Lavrovun İrəvanda olduğu vaxt iki lider arasında belə bir müzakirənin baş tutması birmənalı qarşılanmır. Bəzi ekspertlər bu qənaətə gəlir ki, bu, Rusiyanın Qarabağda yeni dövrə hazırlaşdığı deməkdir və Putin bu haqda Ərdoğanı məlumatlandırır.
Mümkündür ki, Rusiyanın hansısa yeni təklifləri var və Lavrov bu gün İrəvanda bağlı qapılar arxasında bu məsələləri razılaşdırıb. Putin də bunu Ərdoğanla müzakirə etmək və Lavrovun Bakıya gəlişindən öncə Türkiyə prezidenti ilə razılaşdırmaq istəyir. Ehtimal edilir ki, rusların yeni təklifləri Bakının maraqlarına uyğun olmaya bilər və Putin Əliyevi razı salmaq üçün öncə Ərdoğanla anlaşmağa çalışır.
Hadisələrin inkişafında diqqət çəkən məqamlardan biri Lavrovun səfərindən öncə Putinin Makronla telefon danışığı və tərəflərin Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəlməsidir. Ardınca Lavrovun bölgəyə səfəri başlayır və o, İrəvanda olarkən Putin Ərdoğanla danışır.
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu iki lider arasında müzakirə ATƏT-in Minsk Qrupu ilə bağlı ola bilər: “Rusiya çalışır ki, həmin missiyanı yenidən prosesə cəlb etsin. Ən əsası da, Qarabağdakı ermənilərə statusun verilməsi ətrafında müzakirələrin aparıldığını ehtimal edə bilərik. Təbiidir ki, bu, Türkiyənin deyil, Rusiyanın marağına uyğun məsələdir. Dağlıq Qarabağa status verilməsilə bağlı məsələdə Rusiya ilə Fransa arasında ciddi razılaşma olub. Onlar həmin əraziyə statusun verilməsi istiqamətində danışıqlara başlamaq istəyirlər. Hətta Fransa status məsələsində bölgədə yaşayan ermənilərin müstəqilliyi kimi sərsəm bir ideyanı da ortaya atır. Bununla da bölgəni yenidən qarşıdurmalara, müharibəyə cəlb etmək istəyirlər. Rusiyanın bu məsələdə mövqeyi çox sürüşgəndir. Həmin ölkə müharibədə atəşkəs rejiminə nail olmaqla, həm də erməniləri müdafiə etdi. Azərbaycan Ordusunun erməni silahlı birləşmələrini tam məhv etməsinə imkan vermədilər. Bölgəyə yeridilən sülhməramlı qüvvələr də tədricən Qarabağdakı ermənilərin mövqeyini gücləndirməklə məşğul oldular. Fransa bu məsələdə Rusiya ilə birlikdə ATƏT çərçivəsində geniş təbliğat aparır, ermənilərin bölgədə öz müqəddəratlarını təyin etmək haqda ağlasılmaz fikirlər səsləndirir. Ancaq bunun faydası yoxdur. Azərbaycan bəyan edib ki, status məsələsi ətrafında heç bir müzakirə aparıla bilməz. Orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmaqla ölkə ərazisində bərabərhüquqlu vətəndaşlar kimi yaşaya bilərlər. Təbiidir ki, Ərdoğanla Putin arasında bu yöndə müzakirələrin aparıldığına şübhə yoxdur. Ancaq əminliklə demək olar ki, Türkiyə Rusiyanın Qarabağla bağlı planlarında yer ala bilməz”.
Məhəmmədəli QƏRİBLİ