Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsinin regionda tamamilə yeni vəziyyət yaradacağı haqda əvvəldən verilən proqnozlar özünü tam doğruldur. Burada ən mühüm məqamlardan biri Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı baş verənlərdir. Sərhədlərin GPS sistemi əsasında müəyyən olunması Azərbaycanın ermənilərin nəzarətində olan bir çox torpaq sahələrini yenidən öz nəzarəti altına qaytarmasına səbəb olub.
Azərbaycan Ermənistanın sərhəd ərazilərdəki iddialarına da birdəfəlik son qoyur
Ermənistanda bəzi qüvvələr sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı həyata keçirilən prosesdən narazılıqlarını bildirir. Lakin proses beynəlxalq hüquq normalarına uyğun olduğundan, ermənilərin narazılığı hansısa əhəmiyyət kəsb etmir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında inzibati sərhədlərin bu cür korreksiyası üç dəfə baş verib: 1929, 1935 və 1984-cü illərdə. SSRİ dövründə belə sərhəd korreksiyaları kənd təsərrüfatının idarə olunmasını səmərəliləşdirmək niyyəti ilə əsaslandırılırdı. SSRİ-də kolxozlar yaradılandan sonra bəzən elə alınırdı ki, kənd Azərbaycan ərazisində, kəndlilərin becərdiyi torpaqlar isə Ermənistan ərazisində yerləşirdi. Başkənd, Əskipara, Kərki kəndləri bunun real nümunəsidir. Qazax rayonunun əraziləri də o vaxt Ermənistana verildi. Amma indi Azərbaycan və Ermənistan müstəqil şəkildə sərhədlərini birdəfəlik müəyyən etmək üçün tarixi şans əldə edib. 44 günlük müharibənin hərbi nəticələrinə və üçtərəfli bəyanata əsasən, indi Azərbaycan işğal altında olmuş ərazilərinə nəzarəti geri qaytarıb. Bu fonda Bakı israr edir ki, Ermənistan qoşunları 1988-ci il sərhədlərinə çəkilməli, yəni Sovet İttifaqı tərkibindəki Ermənistan və Azərbaycan respublikaları arasındakı inzibati sərhədlərə qayıtmalıdır. Ermənistan bildirir ki, ötən illər ərzində bəzi kəndlər genişlənib, yeni yollar çəkilib, faydalı qazıntıların emalına başlanılıb. İrəvan bu yeni reallıqların nəzərə alınmasını təklif edir. Amma təbii ki, bu yanaşma beynəlxalq hüquqa ziddir və qəbulu mümkün deyil. Real vəziyyət də göstərir ki, Ermənistan Azərbaycanın yanaşmasını nəzərə almaq məcburiyyətindədir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun açıqlamaları da bunu təsdiq edir.
Ramil Usubov 10 noyabr bəyanatının müddəalarının icrasına münasibət bildirərkən qeyd edib ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir: “Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin hələ görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur". Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, 10 noyabr bəyanatının 9 müddəası var: “Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq". Bu açıqlamalardan da göründüyü kimi, Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Özü də Azərbaycanın maraqlarına tam uyğun şəkildə. Bu da o deməkdir ki, Azərbaycan Ermənistanın sərhəd ərazilərdəki iddilarına da birdəfəlik son qoyur. Bir daha qeyd edək ki, sərhədlərin demarkasiyası və delimitasiyası köhnə sovet topoqrafik xəritələrinin və GPS alətlərinin köməyi ilə həyata keçirilir.
İrəvan Bakının mövqeyini təqdir edir
Azərbaycan Rusiya, İran, Türkiyə ilə sərhədlərin demarkasiyası və delimitasiyasını uğurla həyata keçirib. Gürcüstanla da bu prosesin yaxın tezlikdə başa çatması gözlənilir. Qeyd olunduğu kimi, Ermənistanla da sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Bu, hər bir ölkə kimi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
Digər tərəfdən, sərhədlərin müəyyən edilməsindən sonra Azərbaycan regionda davamlı sülh üçün kommunikasiyaların bərpası, iqtisadi tərəfdaşlıq münasibətlərinin yaradılmasını vacib sayır. Bu məsələ 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlarda da ehtiva edilib. Üçtərəfli bəyanatlara müvafiq olaraq Zəngəzur dəhlizinin reallaşması mütləqdir. Zəngəzur dəhlizinin işə düşməsi yeni nəqliyyat marşrutunun və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan avtomobil yolu ilə yanaşı, artıq öz ərazisində Zəngəzurdan keçəcək dəmir yoluna birləşəcək xəttin inşasına da start verib. Bu il Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin davamı məhz Zəngəzurdan keçəcək. Azərbaycan təxminən iki il ərzində Horadiz-Ağbənd dəmir yolunin inşasını başa çatdıracaq. Bu xətt Zəngəzurdan keçəcək 40 kilometrlik dəmir yolu xəttinə birləşəcək. Zəngəzur ərazisində dəmir yolu xətti “Rusiya Dəmir Yolları” ASC tərəfindən inşa ediləcək. Çünki Ermənistan dəmir yollarının sahibi “Rusiya Dəmir Yolları” ASC-dir. Artıq Zəngəzur dəmir yolu xəttinin çəkilməsi məqsədilə “Rusiya Dəmir Yolları” ASC tərəfindən müvafiq işlərə start verilib. Zəngəzur dəhlizi bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Görünür, elə bu səbəbdəndir ki, indi İrəvanda Bakının mövqeyini təqdir edən açıqlamalar verilir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da bildirir ki, İrəvan üçün prioritet məsələ kommunikasiya yollarının açılması və ölkənin blokadadan çıxması olmalıdır. O qeyd edib ki, dəmir yolu xətlərinin açılması Ermənistanda xammaldan daha səmərəli istifadəyə səbəb olacaq. Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, neqativ münasibət problemi tez həll olunmayacaq: “Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir, inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”. Beləliklə, sərhəddən sonra kommunikasiya məsələsində də Azərbaycan istəyinə nail olur.
Qarabağ erməniləri də yola gəlir...
Ermənistanla münasibətlərin normallaşması fonunda Azərbaycan üçün Qarabağda ermənilərin yaşadığı ərazilər üzərində nəzarəti daha tez bərpa etmək elə də uzun çəkməyəcək. Əslində bunu Qarabağda qalan ermənilər də dərk edir. Ekspertlər, bu mənada, Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyanın Qaregin Njdenin Xocavəndin mərkəzindəki abidəsinin sökülməsi təklifilə çıxış etməsini təsadüf hesab etmir.
Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan faktı təsdiq edib. Məlumata görə, Balasanyan nasist əlaltısı Q.Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant - abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib. Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya sülhməramlı kontingentinin rəhbərliyi təkid edir. Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasını tərk etmiş Ovsepyan məsələ ilə bağlı bildirib: “Abidənin sökülməsi ilə bağlı vəd, belə görünür ki, Rusiya tərəfinə də verilib. Çünki artıq üç gün əvvəl mən xəbərdarlıq etmişdim ki, bütün Dağlıq Qarabağda Njdenin Xocavənddəki abidəsini 9 Mayadək sökmək istədiklərinə, Rusiya tərəfinin belə bir istək ifadə etməsinə və bunun qarşısının alınması üçün heç bir addım atılmadığına dair söhbətlər dolaşır”. İndi Vitali Balasanyanın belə bir təkliflə çıxış etməsi də təsadüf sayılmır. Sofiya Ovsepyan Vitali Balasanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib: “Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. O görün nə deyirdi: “Njdenin abidəsini Xocavənddə qoymaq nəyə lazımdır? Aparın onu Zəngəzurda qoyun”. Bəli, bu sözləri Balasanyan deyib”. Ekspertlər bildirir ki, Rusiya rəsmilərinin sovet həbsxanasında ölmüş Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil. Amma ən əsası, Azərbaycanın yaxın tezlikdə Xocavənd üzərində də nəzarəti tam ələ alacağıni Qarabağ erməniləri yaxşı bilir və dərk edirlər ki, o zaman Njdenin abidəsindən əsər-əıamət qalmayacaq. Digər tərəfdən bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasına əngəl olan məqamlardan biridir. Bunu bir vaxtlar Azərbaycana qarşı radikal mövqedən çıxış edən Vitali Balasanyan da artıq başa düşür. Deməli, artıq Qarabağ erməniləri də yola gəlir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.