Məlum olduğu kimi, Ermənistanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərinə qarşı etiraz aksiyası keçirilib.
Lavrova qarşı etiraz aksiyasını Jirayr Sefilyanın rəhbərlik etdiyi "Milli Demokratik Qütb" hərəkatının üzvləri təşkil ediblər. Etiraz edənlər Rusiyaya qarşı bir sıra şüarlar səsləndiriblər.
Qeyd dək ki, Sergey Lavrov İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüş keçirib. Lavrovun səfəri zamanı əsas müzakirə olunan məsələ Qarabağ mövzusu olub.
O da məlumdur ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistanı xilas etdi. Məhz Rusiyanın müdaxiləsindən sonra Azərbaycan Ordusunun Xankəndiyə daxil olmasına imkan verilmədi. Belə olan halda, Ermənistanda Rusiyaya yönəlik bu cür aqressivliyin kökündə nə dayanır?
“Buna ermənilərin etirazı ya axmaqlıqdır, ya da, sadəcə, görüntüdür ki, desinlər guya ermənilər də narazıdır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov ermənilərin bu cür aqressivlik nümayiş etmələrini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, 44 günlük Vətən müharibəsində Ermənistan Rusiyadan gözlədiyi köməyi ala bilmədi. Onlar hesab edirdilər ki, Moskva onların yerinə gəlib vuruşmalı, itkilər verməli və erməni təcavüzkarlarının bitib-tükənməyən iddialarını tam təmin etməliydi. Rusiya onsuz da Ermənistana hər cür kömək edirdi. Pulsuz silah-sursatdan tutmuş, hər cür dəstəyini əsirgəməyib. Hətta hərbi əməliyyatlarda da ermənilər tərəfindən vuruşub. Birinci Qarabağ müharibəsində torpaqlarımızı ermənilər deyil, əslində, ruslar işğal edərək onlara, bir növ, hədiyyə etmişdi. Ancaq nankorluqlarını Rusiyaya qarşı da etdilər. Rusiyanın forpostu olmalarına baxmayaraq, Moskvaya üz çevirib Qərbin, xüsusən də Sorosun diqtəsi altına düşdülər. Onların xəyanətkarlığı qanlarındadır. Darmadağın olmalarına və ağır duruma düşmələrinə baxmayaraq, yenə də düşünürlər ki Rusiyanın köməyi ilə Azərbaycanda itirdiklərini geri qaytara bilərlər. Əslində, Ermənistan Rusiyanın ayağından öpməlidir ki, son anda yenə onları tamamilə məhv olmaqdan, bir dövlət kimi formal mövcudluğunun silinməsindən xilas etdi. Baxmayaraq ki, üçtərəfli anlaşmalarda Azərbaycan bir sıra güzəştlərə gedib, amma bu anlaşmaların bir çoxunun həyata keçirilməsi gecikdirilir. Zəngəzur dəhlizinin açılması, erməni silahlılarının Qarabağdan tam çıxarılması kimi vacib məsələlər hələ qalır. Ermənilər bizdən fərqli olaraq, İrəvana Lavrovun səfərini toy-bayramla, gül-çiçəklə qarşılamalıdırlar. Çünki Lavrov həmişə ermənilərin tərəfində olub. Ermənistanın havadarı və xilaskarı olan Rusiyanı təmsil edir. Lavrovun missiyası yenə də Ermənistanın xeyrinədir. Buna ermənilərin etirazı ya axmaqlıqdır, ya da, sadəcə, görüntüdür ki, desinlər guya ermənilər də narazıdır”.
Partiya funksioneri onu da qeyd etdi ki, Azərbaycan qalib tərəf olduğu üçün danışıqlarda daha prinsipial mövqe sərgiləməlidir.
Vidadi ORDAHALLI