Dünyanın iki böyük geosiyasi güc mərkəzi olan ABŞ və Rusiyanın münasibətlərinin beynəlxalq nizama da əsaslı surətdə təsir göstərdiyi heç kimə sirr deyil. Hazırda bu iki güc mərkəzi arasında münasibətlər yenidən kəskinləşməkdədir. Bu fonda məsələyə NATO-nun da qarışması vəziyyətə daha çox təsir edir. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini sərtləşdirir.
Belə bir vaxtda məlumat yayılıb ki, ABŞ Avropada son 25 il ərzində ən böyük təliminə start verib. “Swift Response” adlı təlim 16 Avropa ölkəsində 28 min hərbçinin iştirakı ilə keçiriləcək. Mayın 7-də isə ABŞ-ın 82-ci aviadesant diviziyasının hərbçiləri Estoniyadakı Nurmsi yaşayış məntəqəsinə eniş edəcək. Desantçıların əsas hissəsi birbaşa ABŞ-dan, Şimali Karolinadan Estoniyaya uçacaq. Mayın 8-də səhər və axşam Amerika döyüşçüləri vertolyotla Nurmsidən mərkəzi poliqona gələcəklər. “Swift Response” təlimlərində Estoniyanın böhran vəziyyətində müdafiəsi məşq ediləcək. Manevrlərdə Estoniya Müdafiə Qüvvələrinin, ABŞ-ın, Böyük Britaniyanın 2.5 min hərbçisi, 20-dən çox təyyarə və 25-dən çox vertolyot iştirak edəcək. Təlimlər mayın 14-də bitəcək. Rusiya bu təlimlərə sərt reaksiya verir. Moskvanın da buna cavab verəcəyi gözlənir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı aydın görünür. Amma hadisələrin bu səpkidə inkişafının Rusiya və NATO-nun özü üçün də təhdid yaratdığını tərəflər özləri də aydın görür. Bu səbəbdən onlar arasında dialoq qurulması da diqqət mərkəzindədir.
Xatırladaq ki, tərəflər indiyə qədər belə gərgin vəziyyətlə bağlı Bakıda bir neçə dəfə görüşüblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Volters arasında sonuncu belə görüş ötən ilin fevralında Bakıda baş tutub. Bakıda bundan öncə Rusiya-NATO formatında görüş 2019-cu il noyabrın 26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə edib. Ekspertlər bildirir ki, Azərbaycan bundan sonra da rusiyalı və amerikalı generalların görüşərək normal şəraitdə danışıqlar aparacağı ən münasib, neytral və əlverişli məkandır. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə normal, sürətlə inkişaf edən və tərəfdaşlığa söykənən siyasətin yürüdüldüyü məkan kimi də qəbul edilir. Azərbaycan nə NATO-nun, nə də “MDB NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu isə Azərbaycana marağı artırır. Ekspertlər bütün bunları vacib sayır. Məsələ burasındadır ki, hazırda dünyanın müxtəlif bölgələrində nüfuz və maraq müharibəsi davam edir. Beynəlxalq ekspertlər də yeni dünya müharibəsinin addım-addım yaxınlaşdığı haqda həyəcan təbili çalır. Elə bu mənzərə fonunda dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun. Azərbaycan məhz bu missiyanı üzərinə götürür.
Elə bu səbəbdən ABŞ prezidenti Cozef Baydenlə onun rus həmkarı Vladimir Putin arasında görüşün də Bakıda baş tuta biləcəyi haqda artıq məlumatlar dolaşır. ABŞ-ın nüfuzlu “Politico” nəşri artıq qeyd edilən xüsusda maraqlı məlumat açıqlayıb. Baydenlə Putin yaxın aylarda “üçüncü ölkədə” görüşünün təşkil edilməsi barədə razılıq əldə edib. “Politico” nəşri yazır ki, artıq bir sıra Avropa ölkələrinin hakimiyyətləri ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazır olduqlarını ifadə ediblər. Bunların arasında İsveçrə, Finlandiya və Avstriya da yer alır. Bu ölkələr belə görüşlərə ev sahibliyi etməyə alışıblar və geniş mənada neytral ölkələr hesab edilirlər. Nəşr Putin-Bayden sammitinə ev sahibliyi etmək şansına daha çox Finlandiyanın paytaxtı Helsinkinin malik olduğunu qeyd edir. Xatırladılır ki, 2018-ci ildə orada ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp da Putinlə görüşmüşdü. Lakin bir sıra keçmiş məmurlar, ekspertlər “Politico” nəşrinə deyiblər ki, sammitə ev sahibliyi etməyə namizədlər arasında İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakı da nəzərdən keçirilməlidir. Belə ki, İslandiya adıçəkilən ölkələrdən coğrafi baxımdan daha uzaqda yerləşsə də və NATO üzvü olsa da bu cür sammitlərin keçirilməsində təcrübəsi var. 1986-cı ildə İslandiya paytaxtı SSRİ rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında görüşə ev sahibliyi etmişdi. Həmin görüşdə ABŞ-la SSRİ arasında “soyuq müharibə”ni bitirmək barədə razılıq əldə olunmuşdu. Keçmiş amerikalı məmurlar və ekspertlər deyiblər ki, sammitin keçirilməsi üçün Bakının seçilməsi şablondan kənar qərar olardı. Sözügedən nəşr qeyd edir ki, Azərbaycanın həm Rusiya ilə, həm də ABŞ-la yaxşı münasibətləri var. Ona görə də Bakı variantlardan biri ola bilər.
Hələlik isə ABŞ-Rusiya münasibətlərinin hamar olmadığı çoxdan məlumdur. Lakin indiyə qədər Bakıda baş tutan görüşlər tərəflər arasında kəskin ziddiyyətlərin yaşanmasına yol verməyib. Ölkəmiz bu mənada regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Məhz bunlar fonunda Putunlə Baydenin nəzərdə tutulan görüşünün Bakıda təşkili dünya üçün vacib sayılır.
Ramil QULİYEV