Yaxınlaşan parlament seçkiləri fonunda Ermənistanda siyasi müstəvidə cərəyan edən hadisələr daha maraqlı xarakter almağa başlayıb. Belə ki, siyasi səhnədə yer alan qüvvələrin bir-birinə yönəlik qarşılıqlı ittihamları getdikcə daha kəskin şəkil alır. Ermənistan baş naziri Nikol Paşinyan bu fonda “Qarabağ klanı”nı sərt tənqid hədəfinə çevirib. O bildirir ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan öz şəxsi mənafeləri naminə Qarabağı satıblar: “Robert Köçəryan və Serj Sarkisyan, siz vətən xainisiz! Biz sizin satqınlığınızla mübarizə apardıq. Siz hətta müharibə zamanı da satqınlığınızı davam etdirdiniz”. Paşinyan Köçəryan və Sarkisyanı, həmçinin, ordunu müharibəyə hazırlamamaqda ittiham edib.
Bu fonda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan mayın 5-də Köçəryan və Sarkisyanı qarşıdan gələn seçkidə “Milli barışıq alyansı” bloku adı altında birgə iştirak etməyə dəvət edib. “Azatutyun” radiosu bildirir ki, Ter-Petrosyan bu barədə özünün “ilur.am” saytında dərc etdiyi məqalədə yazıb. Məqalədə Ter-Petrosyan bildirir ki, hələ martın 25-də “Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentlərinin” onun təşəbbüsü ilə keçirilən görüşündə Robert Köçəryana və Serj Sarkisyana bu barədə rəsmən müraciət edib. Onun iki keçmiş prezidentin imzalaması üçün təklif etdiyi məramnamədə deyilir: “Keçmişdə baş vermiş prinsipial fikir ayrılığına və kəskin ziddiyyətlərə baxmayaraq və ölkəmizin taleyi üçün məsuliyyətimizi dərk edərək, yeni hakimiyyət strukturunda heç bir vəzifəyə iddialı olmayaraq qarşıdan gələn seçkidə bizi dəstəkləyən siyasi qüvvələr, ictimai təşkilatlar və ziyalıların nüfuzlu nümayəndələrinin tərtib etdiyi siyahı ilə “Milli barışıq alyansı” adı altında iştitrak edəcəyik”. Ter-Petrosyan bildirir ki, bu məsələnin müzakirəsi olmayıb, çünki Robert Köçəryan təklifdən dərhal imtina edib. O bildirib ki, bu təşəbbüsə qoşulsa, özünün yaratdığı “Ermənistanın xilası” hərəkatına xəyanət etmiş olar. Serj Sarkisyana gəlincə isə, Ter-Petrosyanın sözlərinə görə, o bu barədə öz rəyini bildirməyib. Ter-Petrosyan məqaləsində qeyd edir: “Paşinyanın hakimiyyətinin təzələnməsi Ermənistan və Artsax üçün Azərbaycan və Türkiyədən qaynaqlanan mümkün və ehtimal olunan təhdidlərdən daha təhlükəlidir”.
“Azatutyun” yazır ki, heç bir siyasi partiyanın üzvü olmayan Robert Köçəryan seçkidə blokla çıxış edəcəyini artıq bəyan edib. Bildirilir ki, böyük ehtimalla, bu blokdakı qüvvələrdən biri də “ Daşnaksütyun” partiyası olacaq. Serj Sarkisyan da 20 iyun seçkisinə “Vətən” blokunda qatılacaq. Bu bloku keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan yaradıb. Levon Ter-Petrosyanın özünün Erməni Milli Konqresi Partiyası, hələ ki, seçkidə iştirak qərarını elan etməyib. Ter-Petrosyanın məqaləsinə Köçəryanın ofisindən münasibət bildirilib: “Biz seçkidə iştirak üçün artıq başqa format seçmişik və bu barədə tez bir zamanda məlumat verıəcəyik”. Serj Sarkisyanın ofisindən isə Ter-Petrosyanın belə bir məqaləni görüşün başqa iştirakçılarını xəbərdar etmədən dərc etməsindən təəccübləndiklərini bildiriblər.
Levon Ter-Petrosyanın təşəbbüsünə baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan da münasibət bildirib. Parlamentdə keçirilən hökumət saatında öz komanda üzvlərinin suallarına cavab verən Paşinyan keçmiş prezidentin təklifini “bandokratik inqilab” adlandırıb. “Bandokratik inqilab” termininin müəllifliyi Levon Ter-Petrosyanın özünə məxsusdur və o, bu ifadəni elə Sarkisyan və Köçəryan barəsində işlədib. Nikol Paşinyan isə deyib: “Özünün müxalif siyasi fəaliyyəti zamanı Levon Ter-Petrosyan, ifadəli demək mümkündürsə, iki dəfə hakimiyyət dəyişikliyi və ya inqilab etməyə cəhd göstərib. Birincisi 2008-ci ilin xalq və ya demokratik inqilabı idi və bizə məlum, bəlkə də naməlum səbəblərdən alınmayıb. İkincisi isə burjua-demokratik inqilabı idi və onun da taleyi hamıya məlumdur. Görünür, cənab Ter-Petrosyan bir də cəhd göstərmək və bu dəfə “bandokratik inqilab” etmək fikrinə düşüb. Bunu izah etmək üçün bir-iki başqa ifadə də var, amma onları vəzifəmə görə səsləndirə bilmirəm”. Paşinyan deyib ki, bütün bu müddət ərzində Ter-Petrosyanın bacardığı yeganə iş Köçəryanı və Sarkisyanı hakimiyyətə gətirmək olub. Baş nazir əvəzi bildirib ki, “bandokratik inqilab” uğursuzluğa düçar olacaq. Ermənistanın “Qraparak” nəşri isə yazır ki, indiki halda “Qarabağ klanı” və digər müxalif qüvvələrin parçalanması Nikol Paşinyan iqtidari üçün müstəsna əhəmiyyət kəsb edir: “Ermənistanın ilk üç prezidentinin kütlə qarşısında çıxışı da müxalifətin parçalandığını göstərir. Sabiq prezidentlərdən birincisi bugünkü gündəmdən, ikincisi əsasən gələcəkdən, üçüncüsü keçmişdən danışır. Ortaya çıxan mənzərə qarışıqdır, lakin gerçəyi əks etdirir. Birinci prezident keçmiş mənəvi övladı Nikolu düz yola qaytarmağa çalışmağa davam edir. İkincisi Paşinyanın məcburiyyəti ilə siyasətə qayıtdığını və onu 20 iyunda “məğlub” edəcəyini təkrarlayır. Üçüncüsü, nəhayət, keçmişin digər gerçəkliklərini təqdim edən yarımçıq üç illik sözün (“Nikol haqlı idi, mən səhv etdim”) mötərizəsini açdı. Birinci prezidentin Nikola dair sözləri cavabsız qalan çağırış olub və indi də belədir. Və belə görünür ki, onun adı yalnız hazırkı baş nazirə müəyyən əxlaqi prinsiplər barədə xatırlatmalar verməklə bağlıdır. Nikolu atalıq və ya mənəvi tövsiyələri ilə yetişdirməyə çalışan Levon Ter-Petrosyan, bir çoxunun hesab etdiyi kimi, Erməni Milli Konqresini də özü ilə birgə aparmaqla keçmişdə qalıb. Tərəfdarları ilə görüşən və suallarını cavablandıran ikinci prezident ölkəni uçurumdan çıxarmaqla bağlı mövqeyini təqdim edib. Lakin Köçəryan blokunun yeganə və ən ağır ciddi problemi tamamilə “keçmiş” olmasıdır. Ermənistanın üçüncü prezidenti kinorejissor Mher Mkrtçyana müsahibə verərək, həmvətənləri ilə səmimi söhbət etməyə çalışmışdı və buna nail olduğu düşünülür. Ancaq müsahibənin mövzusu keçmiş olduğu üçün və məqsəd yalnız natamam cavabları tamamlamaq olduğundan gələcəyə heç bir şəkildə təsir edə bilməz. Bunun təzahürü, əvvəlki qüdrətli Respublika Partiyasının seçkilərdə iştirak baxımından öz mövqeyini açıqlayanlar arasında sonunculardan biri olmasıdır. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, keçmiş inqilabçı Artur Vanetsyanın Vətən Partiyası ilə Sarkisyanın rəhbərlik etdiyi blok Ermənistan siyasətində yeni bir anlayışdır. Ancaq köhnə rejimin və yenilərin bu birləşməsi çox şey verə bilməz”.
Nahid SALAYEV