Ermənistan özünün çox həlledici mərhələsini yaşayır. Onlar üçün kapitulyasiya ilə yekunlaşan müharibədən sonra ölkədə ilk dəfədir ki, parlament seçkiləri keçiriləcək. Bu seçkilər ölkənin gələcək idarəetməsinin kimin əlində olacağını müəyyənləşdirəcək. Müharibədən sonrakı dönəm göstərir ki, Azərbaycanda baş verən proseslər Ermənistan siyasətinə ciddi və həlledici təsir göstərir.
Bunu konkret faktlarla da sübut edə bilərik. Aprelin 20-də Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verdi. Prezident həmin müsahibəsində Zəngəzurun tarixi Azərbaycan ərazisi olması ilə bağlı sərt açıqlamalar verdi. Azərbaycan Prezidentinin fikirləri, o cümlədən Zəngəzura qayıdışın anonsu Ermənistanda ciddi rezonansa səbəb oldu. Məhz bunun nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyanı Zəngəzur bölgəsinə səfəri zamanı peşman etdilər. Mehri şəhərinə gələn Paşinyan burada da sürprizlə qarşılandı. Yerli əhali onu “Nikol xaindir!”, “Nikol türkdür!” şüarları ilə qarşıladı. Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrildi. Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışdılar. Ardınca Paşinyan Mehri şəhəri boyunca yürüş keçirməyə çalışıb. Baş nazir çox sayda təhlükəsizlik işçisinin müşayiəti ilə şəhərdə gəzib. Yerli sakinlər Paşinyana lənət və təhqir dolu sözlər yağdıraraq, onun Mehridən çıxmasını tələb ediblər. Dava-dalaş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb. Yerli sakinlər Paşinyanın Azərbaycan Prezidentinin vaxtaşırı tənqidlərinə susmasından qəzəbləndiklərini bildiriblər. Belə faktları çox sadalamaq olar. Artıq Azərbaycanda baş verən proseslərin, verilən bəyanatların Ermənistanın daxili auditoriyasına etdiyi təsir danılmazdır. Bəs, seçkiqabağı dönəmdə Azərbaycan siyasətinin Ermənistana hansı formada təsiri olacaq?
Politoloq Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni toplumu illər uzunudur özü üçün münasib yaşayış modeli seçə bilmir: “Çalışırlar ki, gərginlik yaratsınlar, kiminsə ərazisini işğal etsinlər. Bütün bu xüsusiyyətlər erməni xalqının böyük əksəriyyətində var. Bu da onlar üçün təhlükəli sindrom yaradır. Onlar Qafqaza təsadüfən düşüblər. Adətən insanlar ağır dönəmi keçəndən sonra çalışırlar sakitliyə doğru istiqamət götürsünlər. Ancaq onların düşünən beyinləri quruculuq deyil, dağıdıcılıq üzrə fəaliyyət göstərir. Ermənistan qonşularından yaxşı elementləri götürmək istəmir. Azərbaycan dövləti onlara öz modelini göstərir. Bizdə multikultralizm ənənələri çox dərindir. Bundan nəticə çıxarıb, birgəyaşayışa öyrənməlidirlər. Ancaq 44 günlük müharibə onları bir qədər ayıltdı. Onlar bildilər ki, artıq XX əsri uduzublar. Çünki ideoloqları onları səhv istiqamətə yönəldib. Çalışmaq istəyirlər ki, heç olmasa XXI əsri normal yaşasınlar. Onların daxilində revanşızmi təbliğ edənlər də az deyil. Ancaq müharibəni istəməyənlər onları üstələyir. Ermənistandakı seçkilərdə bu iki düşüncə mübarizə aparacaq: revanşistlər və müharibə tərəfdarı olmayanlar. Bu baxımdan da, Azərbaycanın daxilindəki proseslər onlar üçün təsirsiz ötüşməyəcək. Çünki bilirlər ki, gələcəkləri Azərbaycanla normal münasibətlərdən keçir. Kommunikasiyaların açılması baş tutarsa, normal həyata qədəm qoya bilərlər. Artıq görürlər ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verib. Onların bir seçimi var - birgəyaşayaışı, normal qonşuluğu mənimsəmək. Danılmaz faktdır ki, Ermənistandakı proseslərə Azərbaycanın təsiri böyükdür və bu, artan faza üzrə də davam edir”.
Məhəmmədəli QƏRİBLİ