Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib və “COVID-19” əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumunun peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınmasını, bu barədə tibbi sənədin verilməsini tələb edib.
Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlər görülməklə, onun intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib. Qeyd edək ki, bu xanım məmurun adı məktəbli Elinanın intiharı hadisəsində də hallanırdı. Özünü məktəb binasından atan Elinanın vaxtında xəstəxanaya çatdırılmamasının günahkarı kimi məhz bu məmurun adı çəkilirdi, hətta istintaqa da cəlb edilmişdi.
Belə reputasiyada olan məmura qarşı daha hansı tədbirlər görülməlidir?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə məmurlar icra strukturlarında daha çoxdur: “Görürsünüz ki, korrupsiya faktına görə ifşa edilərək həbs olunanlar arasında icra hakimiyyəti qurumları liderdir. Bu, məhz cəzasızlıq mühitindən irəli gəlir. Bu xanımın vəzifəsindən istifadə edərək etdiyi əməl ölkə rəhbərliyinin yürütdüyü siyasətə qarşı çıxmaqdır. Bütün dünya COVİD-lə mübarizə aparır, bu adam görün hansı addımı atır? Onun davranışından bu nəticəni çıxarmaq olar ki, vaksinin vurulmasının təhlükəli olduğu qənaətindədir. Əminəm ki, özü də peyvənd olunmayıb. Olunubsa da, tapşırdığı adam kimi edib. Belə adamların vəzifədə saxlanması yolverilməzdir. Bir müddət əvvəl xanımın adı daha böyük qalmaqlda, məktəblinin ölümü ilə bağlı məsələdə hallandı. Onda ictimai qınaq da oldu. Ancaq o, postunu saxlaya bildi. Görünür, çox böyük havadarı var. Buna baxmaq lazım deyil. Dərhal belə məmuru vəzifədən azad etmək gərəkdir. O bu düşüncə ilə cəmiyyətə hansı faydanı verə bilər? Barəsində götürülən hüquqi ölçü bəlkə də hərəkətinə tam adekvatdır. Ancaq bununla kifayətlənmək olmaz. Son zamanlar baş verən iki biabırçı hadisə kifayət edir ki, onun dərhal istefaya göndərilməsi reallaşsın”.
Məhəmmədəli QƏRİBLİ