“Rusiya prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”. Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.
O, aprelin 26-da E.Makronla V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladaraq bunları deyib: “Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”.
Burada diqqətçəkən məqam Makronun alçaqcasına ermənilərin mənafeyi ilə bağlı qaldırdığı 3 məsələ - hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələləridir. Bəs minalamış ərazilərin xəritəsi? Ən vacib və humanitar xarakterli məsələ elə bu məsələdir. Ermənilər ərazilərin böyük hissəsini minalayıblar, xəritələrini də verməkdən imtina ediblər. Həmçinin, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməməsi aktual olaraq qalır. Çünki 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Bu, razılaşmanın 4-cü bəndində göstərilib. Lakin erməni tərəfi həmin bəndin yerinə yetirilməsini hər vəchlə yubadır. Bəs bunlardan Fransa niyə danışmır?
“...Azərbaycanın əleyhinə addımlar planladığını vurğulayır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Fransanın Azərbaycana qarşı destruktiv siyasəti birbaşa Qarabağ müharibəsinin gedişində aydın idi. Bu ölkə konkret olaraq yalnız işğalçı Ermənistanı dəstəkləməklə birbaşa Minsk Qrupunun həmsədrlik fəaliyyətinə kölgə salmış olur. Hazırda Fransanın mövcud təşəbbüsləri birbaşa növbəti dəfə xalqlar arasında münaqişəni alovlandırmaq və prosesi böhrana yuvarlamaq məqsədi daşıyır. Hesab edirəm ki, Fransa bu addımı ilə heç bir siyasi məqsədinə çata bilməyəcək. Ümumiyyətlə, səfirin açıqlamasından aydın olur ki, bu ölkə konkret olaraq separatizmə işıq saçır və Azərbaycanın əleyhinə addımlar planladığını vurğulayır. Azərbaycan qəti şəkildə belə bir plana razı olmaz. Fransa bu siyasəti ilə Azərbaycanla əlaqələrinə zərbə vurmuş oldu. Erməni lobbisinin təsiri altında olan Makronun ermənipərəst siyasəti, ilk növbədə, regionda Fransanın mövqeyinin itirilməsi ilə müşayiət olunacaq. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Türkiyə ilə konkret addımlar atmalıdır”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan öz səylərini artırmalıdır.
Vidadi ORDAHALLI