ABŞ dövlət katibi Entoni Blinken Konqresi Birləşmiş Ştatların Azərbaycana hərbi yardım göstərəcəyi barədə məlumatlandırıb. Bundan əvvəl prezident Cozef Bayden Azərbaycana qarşı 907-ci Düzəlişin qüvvəsinin daha bir il dayandırıldığı barədə qərarını Konqresə göndərib. Bu Düzəlişin qüvvəsinin dayandırılması ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımının yolunu açır.
“Azadlığa Dəstək Aktı”na 907-ci Düzəliş 1992-ci ildə ABŞ Konqresində erməni lobbisinin təzyiqləri altında qəbul edilmişdi. ABŞ-a qarşı 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Azərbaycan Birləşmiş Ştatlara terrora qarşı mübarizədə dəstək verib. Vaşinqton 907-ci Düzəlişin qüvvəsini hər il prezidentin xüsusi qərarı ilə dayandırır. Bu il isə erməni lobbisi düzəlişin qüvvədə saxlanacağına ümid edirdi, bundan ötrü Azərbaycanın apardığı 44 günlük müharibə ilə öz torpaqlarını azad etməsindən və erməni lobbisinə yaxınlığı ilə bilinən Baydenin hakimiyyətdə olmasından istifadə etməyə çalışırdı. Lakin Bayden bu məsələdə erməni lobbisinin deyil, ölkəsinin maraqlarını üstün tutub. Bir neçə gün əvvəl dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı 907-ci Düzəlişin qüvvəsinin dayandırılması barədə onu məlumatlandırıb.
Dövlət katibi Konqresi məlumatlandırıb ki, Azərbaycana hərbi yardım Qarabağa dair “dinc nizamlama səylərinə” zərbə vurmayacaq və Ermənistana hücum üçün istifadə edilməyəcək. Amerika diplomatiyasının rəhbəri deyib ki, bu hərbi dəstək beynəlxalq terrorçuluqla mübarizə səylərinin dəstəklənməsi və Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün zəruridir.
ABŞ-ın bu mövqedə qalmasında İlham Əliyevin keçirdiyi telefon söhbətinin və müəyyən iradlarının nə kimi rolu olub?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 907-ci Düzəlişin qərəzli tətbiqi ilə bağlı biz çox danışmışıq: “Ancaq uzun müddətdir ki, ABŞ həmin qadağanı aradan qaldıran mexanizmi işə salıb. Hər il qadağanın aradan götürülməsi bir il uzadılır. Baydenin hakimiyyətə gəlişi, “soyqırımı” tanıması ermənilərə böyük ümid vermişdi ki, 907-ci Düzəlişin aradan qaldırılması bu il mümkün olmayacaq. Prezident İlham Əliyevin ABŞ-ın yeni administarsiyasına və yürüdülən siyasətə etirazının burada rolu olduğu qənaətindəyəm. Bir neçə gün əvvəl ABŞ dövlət katibinin İlham Əliyevə zəngi oldu. Həmin zənglə bağlı bir neçə nəticəni çıxarmaq olardı. Əvvəla, zəngin Prezident İlham Əliyevin bu yaxınlarda məhz yeni dövlət katibinin Ermənistanla bizim aramızda balanslı davranış nümayiş etdirməməsilə bağlı iradından sonra baş tutması çox maraqlı idi. İlham Əliyev demişdi ki, ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o, həmsədrdir. Onlar, ən azından, balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”.
Bu baxımdan, Blinkenin zəngini İlham Əliyevin iradına verilən çevik reaksiya kimi də qiymətləndirmək olardı. Artıq biz zəngdən doğan nəticəni də görürük. Bəlli oldu ki, ABŞ kimi nəhəng ölkə öz müttəfiqlərilə münasibəti bir erməni amilinə görə korlamaq istəmir. Bundan daha çox narahat olan da Ermənistan və ABŞ-dakı erməni lobbisidir. ABŞ-dakı erməni icması Baydenin 1915-ci il hadisələri haqda “soyqırım” ifadəsini işlətməsinin ardınca Azərbaycana hərbi dəstək qərarı verməsini “satqınlıq” adlandırır. Amerika Erməni Milli Komitəsinin rəhbəri Aram Hamparyan bildirib ki, Baydenin bu qərarı onun erməni tematikası üzrə dəqiq mövqeyinə ziddir. Ancaq bütün bunlar əbəsdir, çünki ABŞ Azərbaycanla fundamental əsaslarla əməkdaşlıqda maraqlıdır”.
Məhəmmədəli QƏRİBLİ