Mayın 4-də Ermənistanın Sünik bölgəsinin ümumi yurisdiksiya məhkəməsində Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak edən 2 “muzdlu”nun işi üzrə ilk iclas keçirilib.
Erməni mediasının yaydığı məlumata görə, bundan əvvəl məhkəmədə hər iki şəxslə əlaqəli həbs-qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərardad verilib.
Ermənistanın iddiasına görə, Suriya vətəndaşları Muhrab Məhəmməd əl-Şxeri və Yusif Alabet əl-Haci guya 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfində “muzdlu” kimi iştirak ediblər. Sözügedən şəxslər Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi, 389-cu maddə, 34-390-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndi, 34-390-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 395-ci maddəsinin 3-cü hissəsi ilə ittiham olunurlar. Sözügedən terrorçuların ömürlük həbsə məhkum edilməsi nəzərdə tutulub.
O da məlumdur ki, ötən il müharibənin başladığı ilk günlərdən Ermənistan və onların havadarları guya Azərbaycan tərəfdə Suriyadan gələn terrorçuların döyüşdüyü barədə uydurma ittihamlar səsləndirdilər. Ancaq bütün bunlarla bağlı bir dənə də ortaya fakt qoymadılar. Çünki bununla bağlı deyilənlərin heç bir əsası yox idi. Həmin dönəmlərdə xarici media qurumlarına müsahibələr verən Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, belə bir hal baş veribsə, o zaman ortaya sübut qoyun. İndi görünən odur ki, bununla bağlı ortaya fakt qoya bilməyən Ermənistan öz yalanlarına hüquqi don geydirməkdən ötrü uydurma məhkəmə şousu təşkil edib.
“Ancaq nəzərə almalıyıq ki, Ermənistan bunun üzərində təbliğat şousu qurmaqla xaricdə...”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi bu cür məhkəmə şousu təşkil etməklə Azərbaycan barədə mənfi rəy yaratmağa çalışır: “Vətən müharibəsi dövründə Azərbaycanda Suriyadan olan terrorçuların döyüşdüyü yalanını yayan media orqanları indi də qondarma məhkəmə şousunu yayırlar. Ermənistanın yalanlarına dəstək verən xarici dairələr bu məsələni qabardırlar. Ermənistan bununla qəhrəman ordumuzun qələbəsinə kölgə salmaq istəyir. İllərlə deyirdilər ki, azərbaycanlılar döyüşə bilmirlər və s. 44 günlük müharibədə bütün bu stereotiplər dağıldı. Ona görə də məğlubiyyətlərinə haqq qazandırmaqdan ötrü “Suriya terrorçuları” yalanını ortaya atıblar. Buna hüquqi görüntü verməkdən ötrü belə bir şou təşkil olunub. Təbii ki, bu deyilənlərin heç bir əsası yoxdur. Ancaq nəzərə almalıyıq ki, Ermənistan bunun üzərində təbliğat şousu qurmaqla xaricdə olanların müəyyən qismini bu yalana inandıra bilər. Çünki məqsəd beynəlxalq ictimaiyyətdə Azərbaycan barədə mənfi rəy yaratmaqdır. Guya bununla Azərbaycan terrorçuluğu himayə edir. O üzdən, biz davamlı olaraq xarici media qurumları ilə işləməliyik. İmkan vermək olmaz ki, Ermənistan öz çirkin niyyətlərinə nail ola bilsin”.
Partiya sədri hesab edir ki, bu kimi məsələlərdə biz son dərəcə ayıq-sayıq olmalıyıq.
Vidadi ORDAHALLI