Azərbaycan tarixinin, mədəniyyətinin, dövlətçiliyinin əsas dayaqlarından olan Qarabağ torpaqları işğaldan azad edilməklə yenidən xalqımıza qovuşub. Qarabağın tacı olan Şuşanın tariximizdə xüsusi yeri var. Türk dünyasının, İslam aləminin, bütün Qafqazın gözü olan Şuşanın işğaldan azad olunması tariximiz üçün olduqca vacib bir hadisədir və artıq erməni vandalizminə məruz qalan Azərbaycan şəhəri Şuşada quruculuq, bərpa işləri həyata keçirilir.
Erməni vəhşiliyinin qurbanı olan Şuşa abidələri, məscidləri, qoruqları, kilsələri, karvansaraları, məqbərələri, kəhrizləri, muzeyləri və sair yenidən həyata qaytarılır. Azərbaycan mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması heç şübhəsiz ki, bizim öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın örnək nümunəsidir.
Şuşa qalasının bərpası hadisəsi...
Məlum olduğu kimi, ilin əvvəlində Şuşa qalasının bərpasının həyata keçirlməsi prosesinə start verildiyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tapşırığı əsasında həyata keçirilən bərpa prosesinə 22 mütəxəssisin cəlb olunduğu bildirilirdi.
Şuşa qalasının bərpası tariximiz üçün çox böyük əhəmiyyət kəsb edən bir hadisədir və tarixi qalanın öz keçmiş görkəminin özünə qaytarılması erməni vandalizminə layiqli bir cavabdır.
Bildirək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir
Şuşanın məşhur Qazançı kilsəsi bərpa edilir
Bildiyimiz kimi, bu gün Şuşada aparılan bərpa işləri çərçivəsində abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz halal tarixi abidələrinə sahib çıxmağı bacarır. Erməni vandalizminin, saxtakarlığının böyük yara vurduğu Azərbaycan abidələri bərpa edilərək öz tarixi görkəmlərinə, missiyalarına qaytarılmaqla həyata qayıdırlar.
Qarabağda, Şuşada tarixi-mədəni irsin bərpası işində Heydər Əliyev Fondunun əməyi çox böyükdür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu dəyərli işlər tariximizin bərpası baxımından olduqca əhəmiyyətlidir və təqdirəlayiqdir.
Qarabağda, Şuşada abidələrin bərpa prosesi dostlarımızı sevindirsə də, düşmənlərimizi içdən sarsıdıb. Onu da deyək ki, Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır. Bilirik ki, Qazançı kilsəsinin ermənilərə aidiyyəti yoxdur, onlar bu kilsəni 1992-ci ildən sonra erməniləşdirməyə başlayıblar, nəticədə həm onun memarlıq quruluşuna, həm də mahiyyətinə kölgə salmağa nail olmağa çalışıblar.
Bu azmış kimi, Ermənistanın Xarici İşlər Nazirliyi də öz cəfəngiyyatı ilə ölkəsini biabır edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Ermənistan XİN-in cavabını çox yüksək səviyyədə verib. “Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən, onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur”.
Qeyd olunub ki, Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir: “Bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən, “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır”.
“Onların bərpa olunması çox önəmlidir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin qeyd etdiyinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlatdığı quruculuq-bərpa işləri tariximizin, maddi-mədəni irsimizin bərpası istiqamətində görülən ən mühüm işlərdən biridir. “İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası çox yaxşı addımdır. Xüsusilə də Şuşada Heydər Əliyev Fondu tərəfindən bunun həyata keçirilməsi alqışalayiq haldır. Bu, tariximizin bərpası baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, dövlət başçısının və Heydər Əliyev Fondunun bu layihəsi uğurlu addımdır. Məscidlərimizi ermənilər dağıdıblar, onların burada heç bir tarixi abidəsi yoxdur. Amma alban abidələrinin hər biri Azərbaycanla, Azərbaycanın tarixi ilə bağlıdır. Ona görə də onların bərpa olunması çox önəmlidir. Orada bəzi kilsələri ermənilər sonradan tikiblər. Qarabağdakı kilsələrin əksəriyyəti qədim alban kilsələridir ki, onların da təmir olunması və cəmiyyətə təqdim olunması olduqca əhəmiyyətlidir. Şuşa turistik ərazidir, yəqin ki, yaxın illərdə xarici ölkələrdən oraya çoxlu axın olacaq”.
“Şuşa abidələr şəhəridir”
Məlum olduğu kimi, Qarabağdakı tarixi abidələrin bərpası prosesində heç bir abidə diqqətdən kənarda qalmır. Hazırda bərpa prosesində olan abidələrdən biri də böyük şairimiz, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsidir. M.P.Vaqifin məqbərəsi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunub. “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır” - deyən ulu öndər Şuşanın tarixi şəxsiyyətlərinin irsinə də xüsusi münasibət, qayğı siyasəti həyata keçirmişdi.
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Bu gün isə Prezident İlham Əliyevin qayğısı və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında M.P.Vaqifin də məqbərəsi bərpa edilir.
Qeyd edək ki, 2021-ci il martın 16-da işğaldan azad ediləndən sonra Şuşaya ikinci dəfə səfər edən Prezident İlham Əliyev M.P.Vaqifin məqbərəsinin bərpa işləri ilə tanış olub və bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edir.
Şuşanın öz tarixi siması özünə qaytarılır, büstləri, abidələri bərpa edilir, Bülbülün, Natəvanın, Üzeyir Hacıbəyovun erməni vandalları tərəfindən güllələnən büstləri bərpa edilərək yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Şuşa bir Azərbaycan şəhəridir və Şuşanın əsl tarixi siması, ənənələri və qədim mədəni abidələri bərpa edilir.
Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”.
Prezidentin tövsiyəsinə uyğun olaraq, Şuşada tikinti-quruculuq, bərpa işləri tamamilə planlı şəkildə aparılır. Görkəmli şəxsiyyətlərimizin yaşadıqları evlər də bərpa edilərək yenidən xalqın ixtiyarına verilir.
Şuşa bərpa edilir, öz tarixi, əzəli simasına qovuşur. Əlbəttə, çox yaxın zamanlarda bərpa edilmiş, dirçəlmiş, öz gözəlliyinə qovuşmuş Şuşanın, Şuşanın tarxi mərkəzinin UNESCO tərəfindən dünya irsi elan edilməsinin baş verəcəyinə şübhəmiz yoxdur. Əsas odur ki, Şuşa öz simasına qovuşur. Azərbaycan tarixinin çox vacib elementlərindən olan Qarabağ abidələrinin hər birinin bərpası, yenidən həyata qaytarılması tariximizə verilən ən mühüm töhfə və qiymətdir.
Bildiyimiz kimi, 2021-ci ilin içində Şuşada bir sıra mühüm mədəniyyət tədbirlərinin keçirilməsi planlaşdırılır. Biz bu il Şuşada, Cıdır düzündə keçiriləcək “Xarı bülbül” beynəlxalq musiqi festivalına, Vaqif Poeziya günlərinə şahidlik edəcəyik. Bütün dünya abad edilmiş, bərpa olunmuş Şuşanın heyranına çevriləcək. Şuşanın tarixi binaları, muzeyləri, abidələri, karvansaraları, məqbərələri, kəhrizləri, bir sözlə, bütün abidələri yenidən dünyaya qucaq açacaq, Qarabağda dini, tarixi, mədəni irsimiz tariximizin vacib atributları kimi öz əzəmətini nümayiş etdirəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.