Pandemiyanın yayıldığı ilkin dövrlərdən başlayaraq indiyə qədər Azərbaycan pandemiya ilə qlobal mübarizədə aktivlik göstərir, dünya ölkələrinə, eləcə də qonşu dövlətlərə çox güclü dəstək verir. Azərbaycanın bu töhfələri ən üst səviyyələrdə etiraf edilir, təqdirəlayiq hal kimi qiymətləndirilir. BMT-nin Baş Katibliyi səviyyəsində də Azərbaycanın yardımsevərliyi xüsusi olaraq vurğulanır.
BMT Baş katibinin səhiyyə məsələləri üzrə müşaviri Georgi Pxakadze deyib ki, koronavirusun ikinci dalğasında Azərbaycan Gürcüstanı xilas etdi. Georgi Pxakadze vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi tibbi oksigen olmasaydı, ölkədə ölüm halları çox yüksək olacaqdı: “İndi Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Siyasətçilər demək istəyirlər ki, hər şey qaydasındadır, amma bu, belə deyil. Təhlükəsizlikdə olmaq üçün əhalinin 90 faizi peyvəndlənməlidir. Epidemiyaya baxmayaraq, ölüm hallarının artması gözlənilmir, çünki biz artıq virusla mübarizə aparmağı bilirik. Mən koronavirusun ikinci dalğasında Gürcüstana kömək etmiş Azərbaycana təşəkkür etmək istəyirəm. Biz, demək olar ki, bu ölkə sayəsində sağ qaldıq. Ötən ilin noyabrında, bizdə gündəlik 7 min yoluxma olarkən Azərbaycan Gürcüstan xəstəxanalarına oksigen tədarük edirdi. Azərbaycan olmasaydı, Gürcüstanda ölüm səviyyəsi çox yüksək olacaqdı”.
“...Azərbaycanın qlobal və regional səviyyədə koronavirusla mübarizədə oynadığı mühüm rolun yüksək qiymətləndirilməsidir”
“Novoye vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi şərhçi Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan dövləti ilk gündən öz dəstəyini həm dünya ölkələrindən, həm də qapıbir qonşularından əsirgəməyib, humanizm nümunələri sərgiləyib: “Azərbaycan dövləti pandemiya ilə mübarizə istiqamətində həm beynəlxalq aləmdə, həm də regionda öz töhfələrini verir. Ölkəmiz pandemiyanın ilk dövründə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 5 milyon yardım ayırıb, bundan başqa 20-dən artıq ölkəyə humanitar yardımlar göstərib. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatçılığı ilə bir neçə ay əvvəl BMT-də koronavirusla mübarizə məsələsi dünya dövlətlərinin rəhbərlərinin iştirakı ilə müzakirəyə çıxarıldı, dünya dövlətlərinin koronavirusla birgə mübarizəsi qaldırıldı. Bütün bunlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş verdi”.
Pandemiyanın ikinci, daha öldürücü dalğası regionu cənginə alanda Azərbaycanın qonşu Gürcüstan Respublikasının xilaskarı rolunu oynamasının təsadüfi olmadığını deyən Ş.Ağayev hesab edir ki, Azərbaycan heç zaman öz qonşularını darda qoymayıb, ən kritik məqamlarda onlara əl uzadıb: “Bilirik ki, Azərbaycan dövləti Gürcüstana bir qonşu dövlət kimi hər zaman çətin məqamlarda yardımlar edib. Pandemiya dövründə də Azərbaycanın Gürcüstana yardım etməsi ölkəmiz tərəfindən qonşu ölkəyə ciddi bir humanist jest idi. Ölkəmizin ən kritik məqamda Gürcüstanın dayağına çevrilməsinin BMT-nin Baş katibinin müşaviri tərəfindən vurğulanması çox müsbət haldır, eyni zamanda da Azərbaycanın qlobal və regional səviyyədə koronavirusla mübarizədə oynadığı mühüm rolun yüksək qiymətləndirilməsidir. Azərbaycan bu çətin anlarda da Gürcüstanın yanında oldu, dostluq, qonşuluq jesti edərək pandemiya kimi ağır şəraitdə yardımını əsirgəmədi. İstər beynəlxalq səviyyədə, istərsə də daxildə ilk gündən pandemiya ilə mübarizə sahəsində çox ciddi və nümunəvi addımlar atıb. Koronavirusla bağlı həyata keçirilən mübarizə tədbirləri isə göz qabağındadır”.
Ş.Ağayev hesab edir ki, Azərbaycanın gördüyü nümunəvi tədbirlər sırasında vaksinlərin alınaraq ölkəmizə gətirilməsi və vətəndaşların vaksinasiyasının həyata keçirilməsini göstərmək olar.
İradə SARIYEVA