Vətən müharibəsindən sonra bölgəmizdə Türkiyə və Azərbaycanın təsir gücünün real artım formaları - Prezident Əliyev daha bir geosiyasi faktı formula etdi...

Elşad Musayev: “Türkiyə artıq bölgədə təmsil olunur və bunu dünyanın ən aparıcı ölkələri qəbul edirlər”

img

“Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir: “Bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz, əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”.

Bütün bu deyilənlərin fonunda, Azərbaycan və Türkiyənin regionda artan təsirləri özünü nələrdə göstərir?

  • “Qardaş ölkənin şirkətləri işğaldan azad olunan ərazilərin bərpasında fəal rol oynayacaqlar”

Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Birincisi, qardaş ölkədən olan diplomat vacib strateji bir posta təyin olunub və çox istərdik ki, onun addımları uğurlu olsun. Çünki o, çox strateji bir postda əyləşib. İkinci tərəfdən, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər bu bölgədə Azərbaycan məğlub durumda idi. Eyni zamanda, Türkiyənin bölgəyə təsir imkanları məhdud idi. Ancaq məlum 44 günlük müharibədən sonra vəziyyət kökündən dəyişdi. Azərbaycan müharibənin qalibi oldu və eyni zamanda, açıq-aşkar biz Türkiyənin hərtərəfli dəstəyini hiss etdik. Bütün bunları biz unutmuruq. Ona görə də yeni reallıqlar yarandı və Türkiyə artıq bölgədə təmsil olunur. Artıq bunu dünyanın ən aparıcı ölkələri qəbul edirlər. Nəzərə almaq lazımdır ki, Ağdamdakı Monitorinq Mərkəzində Rusiya ilə yanaşı, Türkiyə də təmsil olunur. Azərbaycan Ordusunun formalaşmasında, güclənməsində Türkiyənin böyük rolu var. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərin bərpasında fəal rol oynayacaqlar. Artıq bu yöndə proses başlayıb. Məsələn, Şuşaya Zəfər yolunun çəkilişində, Zəngilanda həyata keçirilən layihələrdə türk şirkətləri iştirak edirlər. Bu hələ başlanğıcdır. Qarşıda böyük işlər var. Bir sözlə, indiki reallıqlar odur ki, heç kəs Türkiyəni bölgədən sıxışdırıb kənara çıxara bilməyəcək. Bütün bunlar isə Azərbaycanın mövqeyini gücləndirir. Eyni zamanda, Türkiyənin mövqeyini də gücləndirir”.

Partiya sədri onu da qeyd etdi ki, Türkiyənin regionda artan rolu Azərbaycanın maraqlarına uyğundur.

Vidadi ORDAHALLI

Son xəbərlər