Böyük 7-lərin Rusiyaya qarşı "informasiya ittifaqı"…

Əhəd Məmmədli: “G7-də təmsil olunan Avropa ölkələrinin ayrı-ayrılıqda Rusiya ilə ciddi münasibətləri mövcuddur”

img

G7 ölkələri xarici işlər nazirləri 3-5 may tarixlərində Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər. Bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət edilib. Göründüyü kimi, Rusiya kimi nəhəng ölkə bütün bu proseslərdən kənarda saxlanılıb. Rusiyanın böyük 7-lərdən tam təcrid edilməsi həmin ölkənin gələcəyi üçün nə vəd edir?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu təbii prosesdir: “Rusiya Ukraynaya qarşı təcavüzdən sonra həmin təşkilatdan çıxarıldı. Rusiyanı həmin quruma qəbul edəndə təşkilatın adı G8 olmuşdu. Krımın ilhaqından sonra Rusiyaya bir sıra sanksiyalar tətbiq edildi. Onlardan biri də dünya nəhənglərinin sırasından uzaqlaşdırılması oldu. Rusiya bu prosesə dəvət edilsəydi, bu, G7-nin öz qərarına etdiyi hörmətsizlik olardı. Bu o anlama gəlmir ki, Rusiya dünya siyasətinə təsirini tam itirmiş olacaq. G7-də təmsil olunma heç də dünyanın ən nəhəng ölkəsi olmaq anlamına gəlmir. Həmin siyahıda İtaliya da var. İtaliya Çindən heç bir parametrinə görə böyük ola bilməz. Ancaq görürsünüz ki, Çin G7-də təmsil edilmir. Bunu Qərbin böyük ölkələrinin  bir toplantısı da adlandırmaq olardı. Bu təşkilatın adını Qərb7-də qoymaq olardı.Yəni bu qərar Rusiyanın nüfuzuna böyük zərbədir. Heç də Rusiyanın məhvi anlamına gəlmir. G7-də təmsil olunan Avropa ölkələrinin ayrı-ayrılıqda Rusiya ilə ciddi münasibətləri mövcuddur. Rusiyaya qarşı Qərbin bir demarşı hiss edilir. Bu siyasət Baydenin gəlişindən sonra daha da intensivləşib. Bir çox Avropa ölkələri Rusiyada səfirliklərinin fəaliyyətini məhdudlaşdırır. Bəziləri isə rus diplomatları ölkəsindən qovur. Rusiya asan təslim olmayacaq. Ciddi müqaviməti də hiss edilir. Təbii sərvətlərlə zəngin olan Rusiya bir çox ölkələrə lazımdır. Belə nəhəngi asanlıqla kənarda saxlamaq mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər