“Müharibədən 6 ay ötsə də, ermənilərin həyatı dəyişməyib” - Hakopyan qondarma “Artsax”ın boşalmağından yazdı...

Bəhruz Quliyev: “Ermənistan hakimiyyəti, rus sülhməramlıları onları zorla orada məskunlaşdırmağa çalışırlar”

img

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.

Vaxtilə Azərbaycanın ən sərt xəbərdarlıqlarını qulaqaradına vuran, özlərini işğalın yaratdığı situasiyanın ağası kimi hiss edən qondarma rejimin "səlahiyyətliləri" indi ciddi təşvişdədirlər. Məsələ ondadır ki, 30 illik işğal dövründə torpaqlarımıza dünyanın hər dərəsindən erməni ailələri gətirib zorla məskunlaşdıranlar indi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağından ciddi narahatdırlar. Çünki qanunsuz olaraq ərazilərimizdə məskunlaşan ermənilər özləri artıq digər ölkələrə köçməyə can atırlar.

Bu arada Qarabağdakı separatçılardan olan Metaxe Hakopyan erməni mətbuatına açıqlamasında deyib ki, vəziyyət çox mürəkkəbdir. O bunu belə əsaslandırıb: “Müharibədən 6 ay keçsə də, erməni əhalisinin həyatında heç bir irəliləyiş yoxdur. Əksinə, sosial problemlər artıb və rejim problemlərin həlli ilə məşğul olmur. Əhali fürsət yaranan kimi Qarabağdan çıxır. Rejimin daxilində çaxnaşma və qarşıdurma var. Araikə tabe olmayanların sayı artır. Qarabağ ətrafında halqa daraldığı üçün artıq insanları “Artsax”ın gələcəyinə inandırmaq olmur”.

Görünən odur ki, 10 noyabrda müharibənin dayanması və rus sülhməramlılarının Qarabağda yerləşməsi belə, erməniləri Qarabağa bağlamır. Orada yaşayan ermənilər çıxış yolunu Qarabağı tərk etməkdə görürlər.

  • ...ermənilər orada qalmaq və yaşamaq istəmirlər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, ermənilər Qarabağda yaşamaq istəyirlərsə, o zaman Azərbaycanın qanunlarını qəbul etməlidirlər: “Əvvəla Ermənistan əhalisi heç vaxt Qarabağı özünə doğma hesab etməyib. Sadəcə, erməni millətçiləri xarici dairələrin əlində alət olaraq öz mənfur əməllərini reallaşdırdılar. Ərazilərimizi bəlli səbəblərdən işğal etsələr də, orada elə də məskunlaşa bilmədilər. Hansı ki, 30 ilə yaxın idi Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında idi. Ancaq biz gördük ki, orada onların sayı artmadı, azaldı. Ermənilər ərazilərimizi özlərinki hesab etsəydilər, o zaman kəndləri, şəhərləri xaraba qoymazdılar. Hətta ağacları, daşları belə məhv ediblər. Gör, bunlar necə vəhşidirlər. Əraziləri özlərinki hesab edən belə vəhşilik törətməz. Ermənilərin Qarabağda yaşamaq istəməməsi ilə bağlı müxtəlif məlumatlar var. Bir müddət əvvəl xəbər yayıldı ki, Xankəndidə ermənilər evlərini satışa çıxarıblar. Çünki yaşamaq üçün perspektiv görmürlər. Ermənistan hakimiyyəti, rus sülhməramlıları onları zorla orada məskunlaşdırmağa çalışırlar. Bütün bunlara baxmayaraq, ermənilər orada qalmaq və yaşamaq istəmirlər. Ermənistanın da elə bir iqtisadi imkanı yoxdur ki, onlar üçün hərtərəfli təminat qura bilsin. Üstəlik, Azərbaycanın uğuru ortadadır. Həm ətraf 7 rayon, həm də Dağlıq Qarabağın əhəmiyyətli hissəsi işğaldan azad edilib. Ona görə də ağlı başında olan erməni Qarabağda yaşamaqla bağlı perspektiv görmür. Qarabağ ermənilərinin nicatı Azərbaycanın qanunlarını qəbul etməkdən keçir. Ancaq onların bir çoxu o qədər cinayət törədib ki, bütün bunlardan sonra yaşamağa üzləri qalmayıb”.

Politoloq onu da qeyd etdi ki, ermənilər nə qədər tez bu reallığı qəbul etsələr, bu bir o qədər onların xeyrinə olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər