Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Baydenin qondarma “erməni soyqırımı” bəyanatına ABŞ Dövlət Departamenti izah verib: "Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının heç bir hüquqi nəticələri yoxdur".
1915-ci il hadisələri ilə əlaqədar ABŞ prezidenti Co Baydenin "soyqırım" olaraq xarakterizə etdiyi son açıqlamasının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualı şərh edərkən deyib.
Dövlət Departamentindən bildirilib: "Prezidentin son açıqlaması "Xarici dövlətlərin immuniteti haqqına" Qanunla tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb".
ABŞ Dövlət Departamenti Baydenin açıqlamasının hüquqi nəticələrinin olmadığını deməklə nəyə işarə vurur? Bu o deməkdirmi Bayden də, Fransa da, digərləri də qondarma “soyqırım”ı tanısalar da, beynəlxalq məhkəmələr Türkiyə qarşısında heç bir maddi təzminat davası açılmasına rəvac verməyəcəklər, ermənilər Türkiyədən heç bir maddi təzminat tələb edə bilməyəcəklər?
“Arxivlər açılsa, qondarma “soyqırım”ı əlində bayraq edən...”
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu məsələ ciddi araşdırmalar tələb edir, bütövlükdə, indiyə qədər bununla bağlı qardaş Türkiyənin özünün, Almaniyanın, ABŞ-ın tarixçilərinin obyektiv araşdırmaları var. “Qondarma “soyqırım”ın 1915-ci ildə törədildiyini iddia edirlərsə, bu məsələni keçən əsrin 60-cı illərinə qədər heç bir dövlət, siyasi təşkilat qaldırmayıb. Bəs necə oldu ki, 1960-cı ildən sonra bu yada düşdü? Birincisi, Türkiyə NATO-ya daxil olandan sonra Qərb ölkələri Türkiyədən iki əllə yapışmışdılar, çünki böyük SSRİ var idi. SSRİ-yə qarşı güclü NATO ölkəsi kimi Türkiyəni dəstəkləyirdilər. Bu əsassız və qondarma iddia keçən əsrin 60-cı illərində ortaya atılsa da, 1995-ci ilə qədər onun heç bir ciddi müzakirəsi olmadı. 1995-ci ildə isə artıq SSRİ yox idi, NATO ölkələri də SSRİ olmadığına görə Türkiyənin mövqeyi ilə hesablaşmamaq fikrinə düşdülər. Bu dövrdə də Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirdi, ona mane olmaq üçün Qərb ölkələri Türkiyəyə qarşı bu qondarma iddiadan istifadə etməyə başladılar. Amma bunun heç bir hüquqi əsası yoxdur, bu, siyasi məsələdir. Türkiyə nəyisə verməyəndə, Türkiyədən nəyisə ala bilməyəndə həmişə bu qondarma məsələni ortaya atırlar. Ermənilər də icraedici bir toplum kimi hər zaman bunların siyasi oyunlarının qurbanı olublar. İndi Türkiyə güclənib, regionda ən güclü dövlətlərdən biridir, NATO-da gücünə görə ikinci dövlətdir. Suriyada, İraqda, Qafqazda Amerikanın istəklərinə uyğun hərəkət etmir, qardaş ölkə müstəqil siyasət yürüdür. Qardaş Türkiyənin bu siyasəti ABŞ-ı qane etmədiyinə görə ona qarşı müxtəlif təzyiqlərdən istifadə etməyə cəhdlər edir”.
M.Zülfüqarlının sözlərinə görə, ABŞ hökuməti də, siyasi qüvvələri də yaxşı bilirlər ki, arxivlər açılarsa, əks proses baş verə bilər. ABŞ-ın Harvard qrupu vaxtilə Türkiyəyə “ermənilərin kütləvi qəbiristanlıqları”nı axtarmaq üçün gəldiyini və burada gəlib türk qəbirlərini gördüyünü hesabatında qeyd edir. Müsahibimiz dedi ki, yaşadığı ölkəyə xəyanət edən erməni toplumundan istifadə dünən də olub, bu gün də var, bu da böyük dövlətlərin iyrənc siyasətindən irəli gəlir. “ABŞ rəsmiləri yaxşı bilirlər ki, bu iddianın heç bir hüquqi əsası yoxdur, ona görə də Baydenin açıqlamasının hüquqi təsirinin olmadığını vurğulayıblar. Bu gün ABŞ-da qoca Bayden prezidentdirsə, sabah bir başqası olacaq, onun siyasəti tamamilə fərqlənəcək. Hakimiyyətlər gəldi-gedərdir, dövlətlər qalır. Ümumiyyətlə, hansısa ölkənin hakimiyyətinin qondarma “erməni soyqırımı”nı tanıması o demək deyil ki, Türkiyəyə qarşı ermənilər hansısa bir təzminat davası aça bilərlər. Arxivlər açılsa, qondarma “soyqırım”ı əlində bayraq edən ölkələrin, siyasilərin özləri pərt vəziyyətə düşərlər” - deyə M.Zülfüqarlı bildirdi.
Azərbaycan, həmişə olduğu kimi, qardaş Türkiyənin yanındadır və biz birgə mübarizə aparırıq, aparacağıq da.
İradə SARIYEVA