Ötən il sentyabrın 27-də Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən çətin və şərəfli müharibə nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edildi, 10 noyabr 2020-ci ildə Ermənistan təslim aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Belə olduğu təqdirdə, artıq Dağlıq Qarabağ kimi ayrıca bir ərazi vahidi də qalmadı. Artıq bütöv bir Azərbaycan var və Azərbaycanın işğaldan azad olunan əraziləri var. Məhz buna görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edərək, təşkilatın buraxıldığını elan etdi.
Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub. Odur ki, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları da öz aktuallığını və ictimai əhəmiyyətini itirmiş sayılır. Məhz buna görə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verdi. Təşkilatın bundan sonrakı fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldiləcək. Elə bu səbəbdən də bu müqəddəs missiyanı dəstəkləmək üçün icmanın nəzdində “Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı. Sözügedən müraciətdən sonra Milli Məclisin deputatı, keçmiş “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev yeni yaradılan qurumun sədri seçildi. Çox maraqlıdır ki, bu hadisədən ermənilər bərk əndişəyə düşüblər. Onların narahatlığının başlıca səbəbi nədir?
“Azərbaycan bu addımları ilə həm də erməni separatizminə layiqli cavabını vermiş olub”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müharibədən sonra yaranmış situasiya ilə bağlı uyğun addımlar atır: “Qarabağın böyük hissəsi işğaldan azad edilib. Yerdə qalan hissəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa söykənən haqqı tanınıb. Ermənistanın özü də 10 noyabr sənədini imzalamaqla Qarabağın bütün ərazisinin Azərbaycana aid olduğunu təsdiqləyib. Ölkəmiz ardıcıl şəkildə lazım olan addımları atır. Onlardan biri də azərbaycanlı icmanın fəaliyyətini dayandırması oldu. Artıq icma söhbəti yoxdur. Bununla yanaşı, həm də Dağlıq Qarabağ ərazi vahidi ifadəsi qalmayıb. Buna görə də, həmin adla fəaliyyətə zərurət qalmayıb. İcmanın adının “Qarabağa qayıdış” elan olunması da təsadüfi deyil. Bir daha mesaj verilir ki, biz tezliklə Qarabağa qayıdacağıq. Bir müddət əvvəl Tural Gəncəliyev bildirmişdi ki, ofisləri Xankəndidə olacaq. Bu addım da sözügedən mövqeyin göstəricisi sayılır. Ermənilərin narahatlığı başadüşüləndi. Bilirlər ki, Azərbaycan qayıdış planını Xankəndiyə, Xocalıya da reallaşdıracaq. Onlar çalışırlar ki, Minsk Qrupu əvvəlki formatda fəaliyyətini davam etdirsin və ən başlıcası, status məsələsi gündəmə gəlsin. Azərbaycan bu addımları ilə həm də erməni separatizminə layiqli cavabını vermiş olub. Onların bütün planları pozulmuş olur”.
Məhəmmədəli QƏRİBLİ