Avropa Parlamenti plenar sessiyasının yekunlarına əsasən Rusiyaya dair qətnamə qəbul edib. “Rusiya: Aleksandr Navalnı işi, Ukrayna sərhədində hərbi qüvvələrinin cəmlənməsi və Çexiyada hücumlar” adlı qətnamə parlamentin 569 üzvü tərəfindən dəstəklənib.
Sənəddə Avropa İttifaqı ölkələrinə “rusiyalı diplomatların koordinasiyalı şəkildə geri göndərilməsi” tövsiyə olunub. Qeyd edək ki, sessiya ərzində aparılan müzakirələrdə Rusiyanın SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırılması barədə də fikirlər səsləndirilib. Qətnamədə bu fikir qismən öz əksini tapıb. Belə ki, sənəddə Rusiyanın Ukrayna ərazisinə müdaxilə edəcəyi təqdirdə bu addımın atılması tövsiyə olunub.
Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfirliyi işçilərə yeni məhdudiyyətlər qoyulduğu üçün göstərilən xidmətlərin siyahısını azaldır. Bu barədə ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliyinin açıqlamasında deyilir. Açıqlamada səfirliyin mayın 12-dən etibarən yalnız ABŞ vətəndaşları üçün fəaliyyət göstərəcəyi bildirilib. Başqa ölkələrin vətəndaşlarına isə konsulluq xidmətləri göstərilməyəcək. Rusiya vətəndaşlarına immiqrasiya, diplomatik vizalar və təcili hallarda edilən müraciətlər istisna olmaqla, viza verilməsi dayandırılacaq. Bununla yanaşı, Moskvadakı səfirlik adi notariat xidmətlərin göstərilməsini, xaricdə doğum sənədlərinin verilməsi və pasportların yenilənməsini də dayandıracaq. Dəyişikliklər Rusiya səlahiyyətlilərinin diplomatik nümayəndəliyin ABŞ vətəndaşı olmayan insanları işə götürməsini qadağan etməsi qərarı ilə bağlıdır.
Göründüyü kimi, Rusiya dünya ölkələri ilə ciddi diplomatik qalmaqal yaşayır. Bunun sonu nə ilə nəticələnə bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox əcaib qərardır: “Beynəlxalq münasibətlər sistemində belə praktikanın olub-olmadığını söyləyə bilmərəm. Ancaq Rusiya diplomatlarının kütləvi şəkildə Avropadan çıxarılması ilə bağlı qəbul olunan qərarın çox pis nəticələri ola bilər. Bu, ciddi beynəlxalq gərginliyə səbəb olacaq. Bunun digər adını qovulma qoya bilərik. Diplomatiyada belə qayda var ki, Rusiya da məcbur olub alternativ qərar qəbul edəcək. Yəni bu ölkə də diplomatlarını çıxaranlara qarşı eyni addımı atacaq. Yaşanan bütün gərginliklər diplomatların səyi nəticəsində aradan qaldırılırsa, bu addımın prosesə yalnız mənfi təsiri olacaq. Diplomatik münasibətlərin dayandırılması prosesin idarəedilməz müstəviyə qədəm qoymasına gətirib çıxara bilər. Bütün bunlara rəğmən, ədalət naminə deməliyik ki, Avropa ölkələri Rusiyanın şıltaqlıqlarından da cana doyub. Bir çox ölkələrlə bağlı Rusiya beynəlxalq normalara sığmayan addımlar atır. Bunu saxlamır, əksinə davam edir. Görünür, Avropa onu öz qabına bu yolla salmaq istəyir. Rusiya bütün davranışlarında imperiya ədalarını ortaya qoymaq istəyir. Avroparlamentin qəbul etdiyi qərar aşırı olsa da, səbəbsiz deyil. Mənə elə gəlir ki, Rusiya öz siyasətində müəyyən korrektələr etməyə məhkumdur. Əks təqdirdə dünyanın yarısı ilə düşmən olacaq”.
Məhəmmədəli QƏRİBLİ