Avropa İttifaqının Avropa Şurasındakı nümayəndə heyəti Nazirlər Komitəsinin 28 aprel 2021-ci il tarixli iclasında bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Avropa İttifaqı tərəflərin 9 noyabr 2020-ci il tarixində nail olduqları atəşkəs sazişindən sonra atəşkəs rejiminin möhkəmləndirilməsini və cəsədlərin verilməsi, münaqişə zamanı zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi məsələlərində əldə edilmiş bir sıra müsbət nəticələri alqışlayır: “Lakin Avropa İttifaqı bir daha bəyan edir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi və davamlı sülhə doğru irəliləyişə nail olunması üçün yeni səylər lazımdır. Bu, düşmənçilik və təhqiramiz ritorikanın dayandırılmasını, hansı şəraitdə əsir düşməsindən asılı olmayaraq, digər hərbi əsirlərin və saxlanmış şəxslərin tez bir zamanda geri qaytarılmasını, həmçinin, minalardan təmizləmə də daxil olmaqla, digər mühüm məsələlər üzrə əməkdaşlığı əhatə edir”.
Bəyanatın sonunda Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin istədiyi informasiyanı təqdim etməyə çağırılır.
Diqqətçəkən məqam odur ki, bəyanatda hərbi əsirlərin hansı şəraitdə tutulmasından asılı olmayaraq, qaytarılması istənilir. Açıq görünür ki, erməni tərəfi deputatları təsir altına alaraq, diversantları azad etməklə bağlı ədalətsiz məqamı bəyanata daxil edib. Bu o deməkdir ki, hansı şəraitdə tutulmasından asılı olmayaraq, diversantlar azad edilməlidirlər. Bütün bunlar bir daha Avroparlamentin erməni lobbisinin əlində əsir olduğunu bir daha göstərir.
“Bir sıra Avropa ölkələrinin deputatları ermənilərin vəkili rolunda çıxış edirlər”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, diversantlarla bağlı çağırış qəbuledilməzdir: “Düzdür, bəyanatda müsbət məqamlar da var. Məsələn, davamlı sülhlə bağlı səylərin artırılması, minaların təmizlənməsində əməkdaşlıq edilməsi ilə bağlı çağırış edilir. Ancaq diversantlarla bağlı çağırışa gəldikdə isə, bu, sırf ermənilərin maraqlarını özündə ehtiva edir. Bununla yanaşı, beynəlxalq hüquqa zidd bir çağırışdır. Bir növ, ermənilərin istəklərini Avropa İttifaqı ifadə edir. Bu bir daha Avropa təsisatlarında təmsil olunan deputatların erməni lobbisinin girovuna çevrilməsini özündə ehtiva edir. Çünki diversantlarla bağlı çağırışın heç bir siyasi və hüquqi əsası yoxdur. 10 noyabrda tərəflər arasında üçtərəfli razılaşmaya əsasən, hərbi əməliyyatlar dayandırılıb. Ancaq sözügedən diversantlar isə noyabrın 26-da və ondan sonrakı dövrdə zərərsizləşdirilib. Özü də onlar Ermənistanın Şirak vilayətindən ora göndəriliblər. Belə olan halda, onlar hansı əsasla “hərbi əsirlər” hesab olunurlar? Bunun 10 noyabr razılaşmasına zidd olmağına rəğmən, utanmadan diversantların azad olunması istənilir. Açıq görünür ki, bir sıra Avropa ölkələrinin deputatları ermənilərin vəkili rolunda çıxış edirlər. Çünki bu dərəcədə tərəfkeşlik, beynəlxalq hüquqa sayqısızlıq olmaz”.
Partiya sədri onu da qeyd etdi ki, bütün bunlar bir daha məlum ermənipərəst dairələrin qərəzli mövqedən çıxış etməsini təsdiqləyir.
Vidadi ORDAHALLI