Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi nəticəsində yalnız Azərbaycan vətəndaşları, hərbçiləri zərər çəkmir, bundan rus sülhməramlıları da ziyan görürlər. Məlum olduğu kimi, Qarabağda rusiyalı sülhməramlıların minaya düşməsi və iki nəfərin yaralanması faktı baş verib, bundan əvvəl də analoji hal yaşanmışdı.
Son baş verən olay barədə məlumat sosial şəbəkələrdə rusiyalı istifadəçilər tərəfindən hiddətlə qarşılanıb.
“Facebook” sosial şəbəkəsində yazan istifadiçələr Ermənistandan Qarabağda minalanmış ərazilərin xəritəsinin verilməsini tələb ediblər.
İstifadəçilərdən biri yazıb: “Minaları kim yerləşdiribsə, onları önə buraxmaq lazımdır. Ondan sonra bizim uşaqlar getsin. Mina xəritələri mütləq verilməlidir!”
Digər istifadəçi isə “Ermənistan öz məsələsini özü həll etməlidir. Niyə bizim uşaqlar kimlərəsə görə ölməlidir? Mina xəritələri niyə verilmir?” - deyə qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl rusiyalı sülhməramlıların olduğu yük maşınının minaya düşməsi barədə məlumatlar yayılmışdı. İki hərbçinin yaralandığı deyilirdi.
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi artıq Rusiyada da etirazlara səbəb olub. Son olaydan sonra axır ki, ruslar da dilə gəldi və Ermənistana sosial şəbəkə üzərindən təzyiq etməyə başladılar.
“Ermənistanın erməniləri qoruyan, müdafiə edən Rusiya hərbçilərinə, sülhməramlılarına etibar, sədaqət göstərməməsi...”
Tanınmış hərbi ekspert Tərlan Eyvazovun sözlərinə görə, normal düşüncəli insan düşünür ki, nə üçün mənim övladım, qohumum, yaxınım, yaxud vətəndaşım başqa bir ölkədə minaya düşüb həlak olmalıdır, ya da kiminsə gülləsinə tuş gəlməlidir: “Qarabağ Azərbaycan ərazisidir. Rusya sülhməramlıları da bölgəyə gəlib və burada əlisilahlı erməni terrorçularının canını Azərbaycan Silahlı Qüvvələrinin əlindən qurtarıb. Təbii ki, normal düşüncəli hər bir kəs bunu görə bilir. Digər tərəfdən, Azərbaycan tərəfi sülhməramlılar üçün istənilən şəraiti yaradıb, aeroport, dəmir yolu və şose yol onların ixtiyarına verilib, onlar da öz yüklərini rahat şəkildə daşıya bilirlər, onların zabitlərinin də daim bizim və Türkiyənin zabitləri ilə birgə fəaliyyətləri mövcuddur. Yəni Azərbaycan tərəfindən Rusiya sülhməramlılarına heç bir problem yaradılmır. Ermənistan tərəfinin torpaqlarımızı 30 ilə qədər işğalda saxladığı müddətdə ərazilərimizin hər qarışına basdırdığı minalar var. Rusiya ictimaiyyəti də aydın görür ki, Ermənistan mina terrorunu bu gün də davam etdirir və rus sülhməramlıları da bunun qurbanına çevrilirlər. Minaların basdırıldığı ərazilər də uzun illər Ermənistanın terrorçu silahlı birləşmələrinin nəzarətində olub. Hesab edirəm ki, minalanmış ərazilərin dəqiq xəritələri erməni hərbçilərinin əlində mövcuddur. Onlar əvvəlki müharibədə, bu müharibədən sonra da qəbul olunmuş, imzalanmış bəyannaməyə, onun ətrafında olan razılaşmalara əsasən, minalanmış ərazilərin xəritələrini verməli idilər, amma vermirlər. Nəinki bu xəritləri bizə vermirlər, hətta rus sülhməramlılarının gəzdiyi, dolaşdığı yerlərin minalanmış olduğu barədə onlara məlumat vermirlər. Bu da onların məkrli xarakterlərindən, niyyətlərindən irəli gəlir, onlar üçün özlərindən başqa heç bir müttəfiq, dost yoxdur. Ermənilər rus sülhməramlılarına da səmimi yanaşmırlar, Rusiya hərbçiləri hələlik onları qoruyan, mühafizə edən qüvvələrdir. Ermənistanın erməniləri qoruyan, müdafiə edən Rusiya hərbçilərinə, sülhməramlılarına etibar, sədaqət göstərməməsi, təbii ki, rus ictimaiyyəti tərəfindən belə bir fikirlərin səslənməsinə səbəb olub. Rusların bu məsələ ilə bağlı etirazları təbiidir, qəbulediləndir. Rusiyanın hərbi-siyasi rəhbərliyindən soruşulmalıdır ki, Ermənistan nə üçün razılığa əməl edib minalanmış ərazilərin xəritəsini vermir, yaxud sülhməramlı missiyasını yerinə yetirdiyiniz halda, nə üçün o xəritələri almırsınız? Halbuki, minalanmış ərazilərin xəritələri verildikdən sonra onlar öz missiyalarına başlamalı idilər. Onlar isə bu xəritəni vermirlər” - deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA