Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.
Telefon zənginə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.
Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə də bağlı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar. Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci Düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib. Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.
ABŞ dövlət katibinin bu zəngi ilə bağlı bir neçə nəticəyə gəlmək olar. Əvvəla, bu zəngin Prezident İlham Əliyevin bu yaxınlarda məhz yeni dövlət katibinin Ermənistanla bizim aramızda balanslı davranış nümayiş etdirməməsilə bağlı iradından sonra baş tutması çox maraqlıdır. İlham Əliyev demişdi ki, ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o, həmsədrdir. Onlar, ən azından, balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”.
Bu baxımdan Blinkenin zəngini İlham Əliyevin iradına verilən çevik reaksiya kimi də qiymətləndirmək olar. Yayılan rəsmi məlumatdan həm də görünür ki, tərəflər arasında Qarabağdakı vəziyyət və Minsk Qrupunun gələcək fəaliyyəti ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir. Dəfələrlə Prezident deyib ki, münaqişə artıq mövcud olmadığı üçün ATƏT-in Minsk Qrupunun bu yöndəki fəaliyyətini məqbul saymırıq. Eyni zamanda təklif edilib ki, Minsk Qrupunun həmin ərazidə humanitar aksiyalarla məşğul olması daha məqbuldur. Ancaq buna baxmayaraq, son vaxtlar ABŞ diplomatları tez-tez Minsk Qrupunun fəaliyyətinin zəruriliyini qabardırlar. Yaxın zamanlarda iki belə bəyanata rast gəlmişik. Birincisi dövlət katibinin köməkçisi, digəri isə ABŞ-ın Ermənistandakı səfiri tərəfindən verilib. Bu cəhdlərin ABŞ-ın status məsələsini qabartmaq istəyi ilə əlaqəli olduğu bildirilir.
Dövlət katibinin İlham Əliyevə zəngini bizim Prezidentin bir müddət əvvəl bildirdiyi iradı və onların Minsk Qrupu ətrafında müzakirələri aktuallaşdırmaq istəyilə əlaqələndirmək olarmı?
Politoloq Sahil İsgəndərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regionda yaranmış yeni geosiyasi reallıqlar dövlətlərdən bir şeyi tələb edir - sülün dayanıqlı olması istiqamətində hansı təklifləri verə bilərlər: “Təəssüflər olsun ki, biz bəzi ölkələrdən tam fərqli cəhdlər görürük. Xüsusilə də ABŞ və Fransa münaqişənin həllindən sonra hər cəhdlərində Minsk Qrupunun fəaliyyətini qabartmağa çalışır. ABŞ-ın Ermənistandakı səfiri vaxtaşırı olaraq, qəribə bəyantlarla çıxış edir. Daima Ermənistandakı revanşist qüvvələrlə eyni mövqeni bölüşür. Bəli, razıyam ki, bu zəngin edilməsində cənab İlham Əliyevin əsaslı iradının rolu olub. Prezident dedi ki, ABŞ balansdan uzaq siyasət yürüdür. Həqiqətən də çox maraqlıydı, departament Paşinyanla nəyi belə tez-tez müzakirə edirdi? ABŞ səfirinin Ermənistan prezidenti Armen Sarkisyana qoşularaq Sunik vilayətinə getməsi də olduqca maraqlı gediş idi. Mən əminəm ki, ABŞ tərəfinin Minsk Qrupunun fəallaşması ilə bağlı istəyinə cənab İlham Əliyev lazımi cavabı verib. Çünki dəfələrlə onun tərəfindən bəyan edilib ki, münaqişə bitib. Prezident təklif edib ki, həmsədrlər fəaliyyətlərini post-müharibə dönəminin tələblərinə uyğun aparsalar yaxşı olar. Burada ərazilərin abadlaşması, quruculuq işlərinin aparılması və Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi ölkənin normal həyatında iştirakını təmin etmək nəzərdə tutulur. Həmsədrlər üçün kifayət qədər böyük fəaliyyət arealı açılıb. Buyursunlar, fəaliyyətlərini bu yöndə aparsınlar”.
Məhəmmədəli QƏRİBLİ