Ermənistanda parlament seşkiləri yaxınlaşdıqca ölkədə siyasi qüvvələrin fəallığı artır. Eyni zamanda, sözügedən qüvvələr Rusiyanın dəstəyini qazanmağa çalışırlar.
"Qraparak" nəşri yazır ki, hazırkı mərhələdə Rusiya rəhbərliyi Ermənistanın siyasi qüvvələrinə və xüsusən də qarşıdan gələn seçkilərə olduqca diqqətçəkən münasibət sərgiləyir. Ermənistanın siyasət meydanındakı proseslər həmişə Rusiya hakimiyyəti ilə “razılaşdırılır” və son müharibədən sonra bir çox siyasətçi “qəbullanmaq” üçün Moskvaya gedib: “Hətta ötənilki müharibədən sonra Ermənistan Rusiyanın bir "bölgə"sinə çevrilməsə də, Moskva burada özünə təsir dairəsi tapa bildi. Rusiya hakimiyyəti indiki və keçmiş rəhbərlərlə necə davranır, hökumətin başında hansı siyasi qüvvələri “görür”? Üzdə olan görüntü belədir ki, "mübarizə aparın, kim qalib gələcəksə, onunla işləyəcəyik. Ancaq Robert Köçəryan ruslar üçün keçmiş prezidentlərin ən sevimlisidir”.
Bununla belə, qeyd olunur ki, əvvəlki komandanın Köçəryan ətrafında birləşməsinə Moskva dəstək vermir. Qəzet bunu belə izah edir: “Kremldə Serj Sarkisyana neqativ yanaşırlar. Bu cür münasibət 2018-ci ildən sonra başlayıb. Məsələ burasındadır ki, Sarkisyan 23 aprel 2018-ci il tarixində istefa verməmişdən əvvəl Moskvadan nəinki dəstək istədi, əksinə, Vladimir Putini belə bir addım atacağı barədə əvvəlcədən məlumatlandırmadı. Onun gözlənilməz istefası Putinin şəxsinə olan təhqir kimi qəbul edildi. Çünki müttəfiq olaraq Ermənistanın üçüncü prezidenti heç olmasa bu addımı atmadan əvvəl bir zənglə Putinə buna məcbur olduğunu deyə bilərdi. Ona görə də 2018-ci ildən sonra Serj Sarkisyan və Respublikaçılar Partiyası ilə əlaqə qurulmur”.
Belə görünür ki, “Qarabağ klanı”nı təmsil edən bütün qüvvələrə Kremldə birmənalı münasibət yoxdur. Hansı ki, bu klanın hakimiyyətdə olması Kremlin daha çox maraqlarına cavab verirdi. Nəzərə almaq lazımdır ki, bu klanın təmsilçisi olan S.Sarkisyan 10 il Ermənistanın prezidenti olub.
“...Putin Sarkisyanı bağışlamır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov Rusiyanın bu cür mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla Ermənistandakı proseslərlə bağlı çox şey Rusiyadan asılı olsa da, elə məsələlər var ki, Kremlin gücü xaricindədir. Təbii, Rusiya hər zaman istəyər ki, hakimiyyətdə Moskvaya sadiq qüvvələr olsun. Ancaq belə bir imkanı təmin etmək o qədər də asan deyil. Çünki Rusiyanın iqtisadi resursları Ermənistanı dirçəltmək gücündə olmayıb. Ermənistanda diaspor amilini heç vaxt gözardı etmək olmaz. Xaricdə olan ermənilərin sayı Rusiya və Ermənistanda yaşayan ermənilərdən çoxdur. Onlar Ermənistanın gələcəyini Qərblə inteqrasiyada görürlər. Belə olmasaydı, Ermənistanda “məxməri inqilab” baş tutmazdı. Ermənilər düşünürdülər ki, Rusiya bundan artıq onlara nəsə verə bilməz. Ona görə də Ermənistanda Rusiyanın resurslarına rəğmən hakimiyyət devrildi. Sarkisyan məsələsinə gəldikdə isə, burada bir sıra məqamlar var. Məsələ ondadır ki, S.Sarkisyan “Qarabağ klanı”nı təmsil etsə də, Köçəryan qədər Moskvaya sadiq olmayıb. Sarkisyan Avrasiya İqtisadi İttifaqına ilk dövrlərdə qoşulmaq istəmirdi. O vaxt Ermənistan Avropa İttifaqı ilə müəyyən yaxınlaşmaya cəhd etdi. Sonra Moskvanın ciddi təzyiqi ilə Ermənistan Aİİ-yə qoşuldu. Bundan başqa, 2016-cı ildə baş verən Aprel döyüşlərindən sonra ərazilərin mərhələli şəkildə boşaldılmasına Sarkisyan söz versə də, cığallıq edib bundan yayındı. Hansı ki, bu, Ermənistan üçün indikindən daha əlverişli variant idi. Eyni zamanda, Kremlin də maraqlarına uyğun idi. Çünki o halda da sülhməramlı qüvvələr Rusiyaya məxsus olardı. Bütün bunların baş verməməsi Ermənistanda hakimiyyət dəyişikliyini labüd etdi. Nəticədə Rusiyanın Ermənistandakı mövqeyi xeyli sarsıldı. Bax, bütün bu baş verənlərə görə Putin Sarkisyanı bağışlamır. Ən nəhayət, Rusiya çox istərdi ki, Köçəryan seçkilərdə qalib olsun. Ancaq bunun heç cür mümkün olmadığını gördüyünə görə ölkədəki bütün qüvvələrlə oynayır”.
Partiya sədri bir daha qeyd etdi ki, Rusiya Ermənistandakı bəzi reallıqları nəzərə alaraq siyasətini qurur.
Vidadi ORDAHALLI