“Ermənistanda hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər”. Bu barədə “Freedom House” təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, Azərbaycanla müharibə Ermənistanda daxili böhranı tətikləyib: “Bu, 2018-ci ilin "məxməri inqilab"ının uğurlarını heçə endirir. Ölkədə demokratiya göstəriciləri inqilabdan sonra azalmağa başlayıb və ötən il baş verən hadisələr, o cümlədən, hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər”.
Maraqlıdır, nə baş verdi ki, indiyə qədər Ermənistana “gözün üstə qaşın var” deməyən “Freedom House” kimi təşkilat Ermənistanda demokratik vəziyyətin kəskin pisləşdiyini, hakimiyyətlə xalq, hərbiçilər arasında gərginlik mövcud olduğunu vurğulayıb?
“Ermənistanın Qərb istiqamətindən imtina etməyə məcbur qalması...”
Tanınmış siyasi şərhçi Azər Həsrət hesab edir ki, “Freedom House”un bu mövqeyi Qərbin Ermənistan hakimiyyətinin fəaliyyətindən narazılığı ilə bağlıdır:
“Ermənistana və onun hakimiyyətinə Qərbin münasibətinin dəyişəcəyi proqnozlaşdırılırdı. Çünki Paşinyan hakimiyyətə gəldiyi ilk dönəmlərdə hamı onu Qərbpərəst kimi qəbul edirdi. Təbiidir. Çünki adam Sorosun yetişdirməsi idi, yenə də yetişdirməsi olaraq qalır. İlk çağlarda da o, Ermənistanın üzünü Rusiyadan qoparıb Qərbə çevirməyə cəhd etdi. Təbii ki, Paşinyanın bu cəhdləri nəticə etibarilə gətirib ona çıxardı ki, Rusiya əlini bir balaca Ermənistanın üzərindən çəkdi. Belə bir şəraitdə Ermənistan həddini aşaraq, hesabları düzgün qurmayaraq, Azərbaycana qarşı hərbi təcavüzü genişləndirmək cəhdi etdi. Əlbəttə, Azərbaycan da siyasi hesabları düzgün qiymətləndirdi. Özəlliklə də Prezident İlham Əliyevin siyasi və komandan dühası bizə zamanlamanı düzgün seçmək imkan verdi. Nəticə etibarilə də 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı Ermənistanın işğalından azad etdik. Bu, sadəcə, işğaldan azadetmə olmadı, eyni zamanda, Ermənistan və ermənilər üçün çox böyük bir fəlakət oldu. Minlərlə itki, eyni zamanda da milyardlarla dollar məbləğində hesablana biləcək maddi itkilər verdilər. Üstəlik, elə bir vəziyyətə düşdülər ki, bu gün Rusiyanın qapazaltısı kimidirlər”.
A.Həsrət qeyd etdi ki, bu gün Ermənistan hakimiyyətinin Qərbə üz çevirib Qərbin arxasınca getməyə halı belə yoxdur. “Bu da Qərbi ciddi narahat edir. “Freedom House” kimi təşkilatların artıq Ermənistanı tənqid etmək yolu tutması məhz bununla bağlıdır. Bu qurum görür ki, Ermənistan Qərb istiqamətindən imtina etməyə məcbur qalır. Təbii ki, belə olduğu şəraitdə Qərb təşkilatları Ermənistanı tənqid edəcəklər. Ermənistanın Qərb istiqamətindən imtina etməyə məcbur qalması nəticəsində “Freedom House” da yavaş-yavaş dilə gəlməyə başlayıb. Amma xatırlayırsınızsa, biz illərdir “Freedom House” kimi təşkilatlara deyirik ki, Ermənistanda demokratiya yoxdur, orada insan hüquqları kobud şəkildə pozulur, amma bu təşkilat bizi eşitmirdi. Ancaq indi çanaq öz başlarında çatladığına görə Ermənistanı tənqid etməyə başlayıblar” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA