ABŞ Dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi yeni administrasiyanın formaca zəruri diplomatik addımı olsa da, məzmunca incə və orijinal məqama söykənir. Bu məqam Azərbaycan Prezidentinin ADA universitetində bir xaricinin sualına cavab verərkən yeni ABŞ administrasiyasına tutduğu haqlı irada reaksiya ilə bağlıdır.ABŞ Dövlət katibi əslində Prezident Əliyevin əsaslı iradı qarşısında hərəkətə keçib. Prezident "belə balans olar?" deyə sual edərək, yeni ABŞ administrasiyasının az qala ayda bir neçə dəfə İrəvanla əlaqə saxlaması qarşısında Bakıya doğru heç bir jest etməməsinə irad bildirmişdi. Blinkenin zəngi ilk növbədə bu irada cavab reaksiyasıdır, daha doğrusu, əsaslı səbəbdən inciyə biləcək rəsmi Bakının könlünü almaq jestidir.
Heç şübhəsiz, Blinken Prezident Əliyevlə Minsk Qrupunun fəaliyyətini yeni fazaya keçirmək və Qarabağın status məsələsini MQ çərçivəsində gündəmə qaytarmaq fürsətini də əldən buraxmayaraq, bu mövzulara da toxunub. Cəmi 5 gün əvvəl uydurmalara "genosid" adı qoymuş bir prezidentin naziri hazırda bütün dünya erməniçiliyi üçün aktual olan Qarabağa status mövzusunu, təbii ki, kənara qoymazdı. Yəqin Azərbaycan Prezidenti bəlli mövqeyini bir daha təkrar edib və deyib ki, münaqişə artıq həll olunubsa, status müzakirələri siyasi konyunkturaya uyğun deyil. İlham Əliyevin məlum cavabına ABŞ-ın rəsmi reaksiyası isə, yəqin ki, hələ bu tezlikdə özünü büruzə verməz....
İndi üç həmsədr ölkənin üçünün də status məsələsinə Azərbaycan Prezidentindən fərqli baxdıqları sirr deyil. Bu vəziyyətdə Azərbaycan Prezidentinə həqiqi dost ölkənin və bütün xalqımızın, bütün milli siyasi qüvvələrin fəal və yekdil dəstəyi heç vaxt olmadığı qədər vacibdir... Ən azı, Vətən müharibəsinin Zəfər yekununu saxlamaq və möhkəmləndirmək üçün...