Bəzi Fransa rəsmilərinin, xüsusən də qanunverici orqanın təmsilçilərinin Azərbaycana qarşı qərəzli mövqeyi son dövrlər ərzində özünü yenidən qabarıq şəkildə büruzə verməkdədir. Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə geniş nümayəndə heyəti ilə Ermənistana rəsmi səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi də bunun daha bir təsdiqi oldu. Azərbaycana qarşı ittihamlar səsləndirən Jerar Larşe torpaqlarmızın uzun müddət işğal altında saxlanmasına, dini və tarixi abidələrimizin dağıdılmasına, günahsız insanların məhv edilməsinə dair bir kəlmə də səsləndirmədi. Halbuki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi ədalətli və balanslı mövqe tutmalı idi. Amma buna əməl olunmadı.
Jerar Larşenin ardınca bu dəfə Azərbaycana qarşı növbəti qərəzin müəllifi Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin olub. O, Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsini Fransa qanunverici orqanına təqdim edib. Fransadakı erməni diasporunun təsir dairəsində olan və onlardan müəyyən maliyyə alması da istisnalıq təşkil etməyən Fransua Pupponin yenə həqiqətləri təhrif edir, Azərbaycana qarşı böhtançı mövqe sərgiləyir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Beynəlxalq hüquq da sözügedən məsələni məhz Bakının dediyi şəkildə tövsif edir. Buna görə də, Bakı Fransa rəsmilərinin bu konteksdə Azərbaycana qarşı səsləndirilən ittihamlarını qəbul etmir. Azərbaycan bu şəxsləri, qərəzli mövqe sərgiləmək əvəzinə, hələ də mülki əhalinin və hərbçilərin həyatına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırır. Qeyd olunur ki, Fransa Minsk Qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyə məcbur etməlidir. Bununla da Fransa obyektiv mövqedən çıxış etmiş olardı. Amma təəssüf ki, reallıq tamamilə bunun əksini göstərir. Halbuki, 2020-ci ilin noyabrından etibarən işğaldan azad olunmuş ərazilərdə baş verən mina partlayışı nəticəsində 21 Azərbaycan vətəndaşı həlak olub, 87 nəfər isə yaralanıb. Vətən müharibəsi günlərində Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 101 dinc sakin həlak olub, 423 nəfər isə yaralanıb. Lakin bu faktların heç biri fransalı deputatların etirazına səbəb olmayıb. Bu, bir daha Fransa parlamentinin bəzi üzvlərinin qeyri-obyektiv, qərəzli mövqedən çıxış etdiyini göstərir.
Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Fransa parlamentinin bəzi üzvlərinin qərəzli mövqedən çıxış etməsi Parisin tərəfsizliyinə uyğun olmamaqla yanaşı, ikitərəfli münasibətlərə də xələl gətirir. Ekspertlər hesab edir ki, Fransanın bəzi parlament üzvləri və yüksək vəzifəli şəxslərinin artıq davamlı xarakter alan qərəzli açıqlamaları Azərbaycanla Fransa arasında münasibətlərin gələcəyinə kölgə salır. Azərbaycan Fransanın ikili standartlar siyasətini davam etdirməsinə laqeyd qalmaq niyyətində deyil. Artıq Azərbaycan ictimaiyyətində Minsk Qrupunun həmsədri olan Fransanın tərəfsizliyinə çox ciddi inamsızlıq yaranıb. Hesab olunur ki, bu inamsızlığı aradan qaldırmaq çox çətin olacaq. Ən əsası da ona görə ki, Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə xidmət edir. Bu gün, faktiki olaraq, Minsk Qrupunun həmsədrliyində Fransanın iştirakı yalnız bölgədə gərginliyin artmasına xidmət edir. Fransalı tarixçi və ekspert Alen Rumestan da qeyd edir ki, bəzi fransız siyasətçilərinin addımı Parisin maraqları ilə ciddi ziddiyyət təşkil edir. O, bitərəf mövqe tutmayacağı halda bundan itirən tərəfin elə Fransanın özü olacağını bildirir: "Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində geri qaytarılan torpaqlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi. Fransa nəzərə almalıdır ki, Azərbaycan Qərblə Şərq arasında bir körpüdür. Təəssüf ki, bu gün Fransa Azərbaycanda Ermənistanı dəstəkləyən, 2020-ci ildəki hərbi əməliyyat zamanı bitərəfliyini itirən ölkə kimi tanınır. Bir qrup fransalı parlamentarinin Ermənistanın tərəfini tutması, bəzi ziyalıların "müsəlman Azərbaycan xristian Ermənistanı məhv etmək istəyir" kimi çıxışları təbii olaraq azərbaycanlılar tərəfindən mənfi qarşılanıb. Lakin Fransa yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən şirkətləri vasitəsilə qarşılıqlı iqtisadi inkişaf siyasətini gücləndirməlidir. Fransanın Azərbaycanda enerji, aviasiya, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində 50-dən çox şirkəti fəaliyyət göstərir. Dağlıq Qarabağdan didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tədricən öz torpaqlarına qayıdacaqlar. Lakin bu ərazilər tamamilə dağıdılıb. Fransa azad edilmiş torpaqların yenidən qurulmasında yaxından iştirak edə bilər. Fransa Ermənistanla Azərbaycan arasında balanslı siyasət apara və regionun iqtisadi inkişafı üçün müsbət şərait yaratmağa öz töhfəsini verə bilər".
Ekspert Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına da toxunub: "30 illik Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində Azərbaycanın geri qaytardığı torpaqlar Ermənistana məxsus deyildi, onlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi. Azərbaycan bu gün Dağlıq Qarabağda sülhdən başqa bir şey istəmir. Fransa Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk Qrupunun həmsədridir. Nəhayət, Minsk Qrupu öz məsuliyyətini anlamalı və tezliklə sülh naminə fəaliyyətə keçməlidir".
Samirə SƏFƏROVA