“Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar, təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır”.
Bu fikirləri Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində söyləyib.
Dövlət başçısının sözlərinə görə, yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək: “Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən, ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar, təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Bütün bu deyilənlərin fonunda, Zəngilan necə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək?
“Yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də həyata keçirilən layihələrdə fəal iştirak edəcəklər”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov bununla bağlı bir sıra məqamlara toxundu: “Zəngilan elə bir coğrafi mövqedə yerləşir ki, rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilmə potensialı böyükdür. Söhbət ondan gedir ki, rayon Ermənistanla İran arasında yerləşir. Zəngəzur dəhlizinin reallaşması çərçivəsində rayon ərazisindən beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolu keçəcək. Rayonda hava limanının tikilməsi ilə yanaşı, “ağıllı kənd” layihəsi reallaşdırılır. Bütün bunlar o deməkdir ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də həyata keçirilən layihələrdə fəal iştirak edəcəklər. Xarici sərmayənin rayona axını güclənəcək. Çünki ərazidən nəqliyyat yollarının keçməsi yeni-yeni perspektivlər vəd edir. Nəticədə bölgənin siması tamamilə dəyişəcək və yeni iqtisadi reallıqlar yaranacaq”.
Ekspert hesab edir ki, bütün bunlar ölkənin iqtisadi inkişafına əlavə təkan verəcək.
Vidadi ORDAHALLI