Torpaqlarımız azad edildikdən sonra rayon və kəndlərimizin bərpa edilməsi, burada tikinti-quruculuq işlərinin aparılması üçün işlərə rəvac verilməkdədir. Ölkəmizin dini məbədlərinin, məscidlərin də bərpası prosesi başlanıb. Bərpa prosesi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına son səfərində Zəngilanda ermənilər tərəfindən dağıdılan Zəngilan məscidinin ilk daşını hördü və bununla da artıq məscidin tikintisinə start verildi.
Azad edilən Azərbaycan torpaqlarında islam abidələrinin bərpasında iştirak etmək üçün müsəlman dövlətlərinin təşəbbüslərini görə bilmirik. Halbuki, ayrı-ayrı müsəlman dövlətləri erməni vandalizminə məruz qalan, dağıdılan, məhv edilən, təhqir edilərək donuzxanaya çevrilən islam dini məbədlərinin bərpasında iştirak etmək üçün bizə müraciət etməli idilər. Amma çox təəssüf ki, qardaş Türkiyə istisna olmaqla, biz digər müsəlman dövlətlərinin səsini eşidə bilmədik. Bizimlə qonşuluqda yerləşən İran İslam Respublikasının da məscidlərimizin bərpası ilə bağlı hər hansı bir təşəbbüsünü duymadıq, bizdən çox-çox uzaqlarda yerləşən digər müsəlman dövlətlərinin də. Halbuki, İran İrəvanda yerləşən Cümə məscidinin və Yuxarı Gövhərağa məscidinin “bərpasında” yaxından iştirak etmişdi, buna görə də ermənilər hər iki məscidi “fars məscidi” adlandıraraq onu təbliğ edirlər. İrəvanda bir nəfər azərbaycanlı yaşamaya-yaşamaya, o məsciddə ibadət etməyə-etməyə, Göy məscidin İran tərəfindən bərpasının heç bir anlamı yox idi.
Bu gün azad edilmiş rayonlarımızda, kəndlərimizdə müsəlman məscidlərinin, islami dəyərləri özündə ifadə edən abidələrin bərpa prosesinə başlanıb, amma müsəlman dövlətlərinin dəstək üçün hər hansı bir addımını görə bilmirik.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, politoloq Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi və burada başlanan uğurlu işlər bizə kimin dost, kimin isə bizi istəməyən ölkə olduğunu üzə çıxardı. “Çox təəssüflər olsun ki, bəzi islam ölkələri bizə müharibədən əvvəl də, sonra da layiqli dəstəyi göstərmədilər. Erməni terrorçuları, faşistləri müsəlman abidələrini, məscidlərini, ziyarətgahlarını dağıdıb, tari-mar edərkən də bəzi ölkələrin Ermənistana qarşı etiraz səsini eşidə bilmədik. Hələ də ermənipərəst mövqedə olan islam ölkələri var ki, bu da islam birliyinə, islam həmrəyliyinə birmənalı olaraq ziddir. Onların bu münasibəti islam birliyinin, İslam Əməkdaşlıq Təşkilatının inkişafı üçün faydalı olardı. Çünki Azərbaycan İSESCO-nun və İƏT-in üzvü olaraq çox aktiv çalışmalar həyata keçirir. Yəni bir dövlət olaraq biz bəzilərinin göstərdiyi münasibətə layiq deyilik. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident o ərazilərimizə səfərlər edir, çox həyəcanlı, duyğulu anlar yaşayırıq. Cənab Prezident özü də beynəlxalq təşkilatlara, bütün dünyaya müraciət edib ki, baxın, məscidlər dağıdılıb, mədəni abidələrimiz dağıdılıb, bütün bunları erməni vandalları törədiblər. Ədalətin yanında olan, haqqı dəstəkləyən bir neçə ölkəni çıxmaq şərtilə, demək olar ki, o biri müsəlman ölkələrinin səsi çıxmır. Bizə, təbii ki, həmişə dəstək verən ölkələrin başında Türkiyə gəlir”.
M.Göyüşlü hesab edir ki, xristian dövlətlərinin bu məsələdə Azərbaycana seyrçi mövqedə qalması hardasa başadüşüləndir, amma bəzi müsəlman dövlətlərinin laqeydliyi heç cür anlaşılan deyil. “Bəzi müsəlman ölkələrinin azad edilmiş ərazilərimizdə islam abidələrinin, məscidlərin bərpası işlərinə qoşulmaq üçün təşəbbüs göstərməmələri təəssüf doğuran haldır. Əslində, müsəlman ölkələri məscidləri dağıdan, təhqir edən, yer üzündən silən erməni faşizminə qarşı birləşməli və bunun hesabını Ermənistandan sormalıdırlar. Lakin təəssüf ki, biz bunun şahidi ola bilmirik”.
Bəzi islam dövlətlərinin bu davranışı indiyə qədər islam həmrəyliyi ilə bağlı görülən işlərə kölgə salmağa xidmət edir. O hesab edir ki, İƏT üzvü olan bütün müsəlman ölkələri Azərbaycanın ədalətli mövqeyinin yanında olmalıdırlar. “Eyni təşkilatlarda təmsil olunduğumuz, eyni dinə mənsub olduğumuz halda, müsəlman ölkələrinin xeyli hissəsinin laqeydliyi göz önündədir. Biz illərdir bu laqeydliyin, bizə qeyri-ədalətli yanaşmanın şahidi olmuşuq. Obrazlı desək, sanki, bir növ, bizdə bu məsələlərlə bağlı immunitet yaranıb. Azərbaycan bu ölkələrin biganəliyini gördüyü üçün öz torpaqlarını özü işğaldan azad etdi, indi o torpaqlarda quruculuq-bərpa işləri həyata keçir. Təbii ki, Türkiyə başda olmaqla, ən yaxın dostlarımız bu işdə yanımızdadırlar, bu işlər onlarla birgə həyata keçirilir. Sözümün canı odur ki, müsəlman ölkələrinin çoxu bu prosesdə iştirak etməyə təşəbbüs göstərməsələr belə, Azərbaycan torpaqlarını təkbaşına işğaldan azad etdiyi kimi, bütün məscidləri də bərpa edəcək” - deyə M.Göyüşlü qeyd etdi.
İradə SARIYEVA