ABŞ-in İrəvandakı səfirindən düşündürücü Qarabağ bəyanatı - Minsk Qrupuna nə ehtiyac?

Rəşad Bayramov: “O, həlli qalan məsələ kimi status məsələsini və həmsədrlərin bu yöndə fəaliyyətinin zəruriliyini nəzərdə tutur”

img

ABŞ-ın İrəvandakı səfiri Lin Treysi bildirib ki, Ermənistanla Türkiyə arasında barışığın əldə olunması bütün region - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan üçün faydalı olacaq:

“Bu çox mühüm məsələdir. Lakin eyni zamanda aydındır ki, postmünaqişə situasiyasından çıxış edərək həll edilməli olan bir sıra dolayısı problemlər var. Bu məsələdə Minsk Qrupu mühüm rol oynaya bilər”.

Diplomatın sözlərinə görə, heç bir şübhə yoxdur ki, Rusiya müharibənin dayandırılmasında mühüm rol oynayıb. Amma müharibə dayansa da, həlli tələb olunan bir sıra vacib məsələlər qalır. Lin Treysi ABŞ-ın Ermənistana hərbi yardım göstərməsinin mümkünlüyü haqda da danışıb. Bildirib ki, Ermənistan KTMT-yə üzv olduğu üçün ABŞ-ın bu ölkə ilə hərbi sahədə əməkdaşlıq imkanları məhduddur: “Ermənistan KTMT-nin üzvüdür, bu isə ABŞ-ın üzv olduğu təşkilat deyil və Ermənistanın KTMT-yə üzvlüyü ona bizim edə biləcəyimiz hərbi köməyin təqdim olunması imkanlarını əhəmiyyətli şəkildə məhdudlaşdırır”.

Lin Treysi əlavə edib ki, Ermənistanın KTMT üzvlüyünə görə ABŞ-ın bu ölkəyə silah satışı və hərbi yardımı ilə bağlı məhdudiyyətlər var.

ABŞ səfiri Qarabağla bağlı hansı dolayı problemləri nəzərdə tutur ki, onların həllində Minsk Qrupunun fəaliyyətini zəruri sayır?

Politoloq  Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi ATƏT-in torpaqların qaytarılması və statusun müəyyən edilməsi ilə bağlı funksiyalarını başa çatmış hesab edir: “Biz hesab etmirik ki, Minsk Qrupu bundan sonra hər hansı bir ərazinin qaytarılması yönündə fəaliyyət göstərməlidir. Çünki indiki ərazilər və hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilər müəyyən müddət sonra bizim tam nəzarətimizdə olacaq. Status məsələsi isə artıq uzaq keçmişdə qalan məsələlərdən biridir. Həmsədrlər gələcəkdə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, həmçinin Qarabağın bərpa prosesində iştirakçılıq kimi funksiyalarda iştirakçı ola bilərlər. Onlar beynəxalq donorlar konfransının təşkili və yardımların edilməsi kimi funksiyaları fəaliyyət sahəsinə daxil edilə bilərlər. Ancaq əminəm ki, ABŞ sədri ATƏT Minsk Qrupunun gələcək “zəruri” fəaliyyətinə bunu aid etmir. O, həlli qalan məsələ kimi status məsələsini və həmsədrlərin bu yöndə fəaliyyətinin zəruriliyini nəzərdə tutur. ABŞ münaqişə ilə bağlı Rusiyanın aktivliyini və əldə etdiyi nəticələri görüb qısqançlıq edir. İstəyir ki,  status məsələsini qabartmaqla münaqişənin tam həll edilmədiyini qabartsın və özünə ehtiyacın hələ də qaldığını bildirsin. Bunlar bizim üçün məqbul deyil. ABŞ-ın bu cəhdləri səmərə verməyəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər