Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasında Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib. Iclasda təşkilati məsələlərə baxılıb. Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib.
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılıb. Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiq edib. Çox maraqlıdır ki, Məzahir Pənahovun yenidən MSK sədri seçilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti bundan narahatlığını ifadə edib. Buna səbəb Məzahir Pənahovun uzun müddət fasiləsiz olaraq həmin postu tutması ola bilərmi?
Bir neçə dəfə deputatlığa namizəd olmuş və MSK-nın fəaliyyətinə yaxşı bələd olan əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi bir insanın özünün istefa mədəniyyəti nümayiş etdirə bilməməsilə bağlıdır: “ Bir insanın yeni vəzifəyə təyinatı və ya seçilməsi, bunlar mümkün şeylərdi. Mənə elə gəlir ki, Məzahir Pənahovun özü istirahətə getməklə bağlı qərar verməliydi. Bu vaxta kimi seçkilərdə hansı xidmətləri olubsa, çox sağ olsun. Müqayisəni nə ilə aparmaq istərdim? Bu gün Nursultan şəhərində Qazaxıstan Xalqı Assambleyasının 29-cü sessiyası keçirilir. Həmin sessiyada ölkənin sabiq prezidenti Nursultan Nazarbayev də iştirak edib. Nazarbayev ömürlük olaraq həmin Assambleyanın sədri seçilsə də, könüllü istefa verib. Bunu da onunla əlaqələndirib ki, vəzifədə çox çalışıb və artıq yorulub, istirahət etmək istəyir. Öz vəzifəsini o, prezident Tokayevə həvalə edib. Biz zamanı çatanda vəzifədən getməyi də normal qəbul etməyi öyrənməliyik. Mən də müşahidə etdim ki, MSK-nın yeni tərkibinin formalaşdırılması daha çox lağ-lağı obyektinə çevrildi. Bu hadisə mahiyyətcə böyük olsa da, günün vacib xəbəri ola bilmədi. Qərarı verən adamlar düşünməliydi ki, yeni tərkibdəkilərin istefa verməsinin vaxtı çoxdan çatıb. Bunun başlıca səbəbi, təbiidir ki, bir şəxsin eyni vəzifədən əl çəkmək istəməməsilə bağlıdır. Göz önündə olan vəzifələrə diqqət böyük olur. Sosial şəbəkələrdəki geniş etirazın bir səbəbi də bununla bağlıdır. MSK da belə postlardan sayılır. Çünki ölkədəki bütün seçkiləri keçirən bir təsisatı əhalinin böyük hissəsinin tanıması, onunla maraqlanması təbiidir”.
Məhəmmədəli QƏRİBLİ