Son iki il ərzində Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində ciddi hüquqi tədbirlər görülməkdədir. Belə həbslər daha çox icra hakimiyyəti korpusunu əhatə edib. İndiyə qədər 10-a yaxın icra başçısı məhz vəzifə başında həbs edilib. Həbs edilən icra başçılarının tərcümeyi-halına diqqət etdikdə maraqlı faktların şahidi oluruq. Bəlli olur ki, onların əksəriyyəti 10-15 ildir həmin postda çalışır.
Hətta aralarında bir neçə rayona rəhbərlik edənlər də az deyil. Təbiidir ki, həbsə salınan başçılar bu iş metodu ilə uzun müddət çalışıblar. O halda maraqlıdır, necə olub ki, onlara nəzarət edən qurumlar və hüquq-mühafizə orqanları onların bu neqativ əməllərindən xəbərdar olmayıb? Bu onların mütəşəkkil dəstə kimi fəaliyyət göstərməsinin göstəricisi sayıla bilərmi?
Fazil Mustafa: ”Nəzarət mexanizminin olmaması icra başçılarının əxlaqi dəyərləri tapdalamasına yol açır”
Millət vəkili Fazil Mustafa bu vəziyyətlə bağlı maraqlı məqama toxunub: “Bu günlərdə daha bir icra başçısı və bir neçə baş həkim korrupsiya faktları ilə həbs olundu. İcra başçıları niyə dərs çıxarmırlar? Məncə sistemə yeni yanaşma lazımdır. Bugünə qədər hansısa rayonda icra başçısının qanunsuz hərəkətlərinə etirazını bildirən, müqavimət göstərən bir polis, bir məhkəmə, bir prokurorluq işçisi barədə eşitməmişik. Nəzarət mexanizminin olmaması icra başçılarının əxlaqi dəyərləri tapdalamasına yol açır”.
Elşən Həsənov: “Mexanizmin uzun müddət işləməsi onu deməyə əsas verir ki, başçılar pulu mütəşəkkil dəstənin köməyilə talayıblar”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaranmış vəziyyət çox acınacaqlıdır: “Biz görürük ki, həbslə məsələ həll edilmir. Mənimsəmə o qədər böyük həcmdə olur ki, vəzifə sahibləri hətta ən pis halda həbs ediləcəklərini bilib risq edirlər. Ən azı, son statistika bunu deməyə əsas verir. Biz şahidi oluruq ki, başçıları həbs edilən rayonların hamısında korrupsiya mexanizmi eyni qaydada qurulub. Hər birində büdcə təşkilatlarının rəhbərlərilə cinayətkar şəbəkə halında fəaliyyət göstəriblər. Bəs bu illər ərzində icra hakimiyyətlərinin işinə nəzarəti həyata keçirən qurumlar hara baxıb? Ola bilməz ki, bundan kiminsə xəbəri olmasın. Hətta bu işə məsul olan şəxslərin “bizim xəbərimiz olmayıb” deməsi belə, onları məsuliyyətdən azad etmir. Onların borcu idi ki, xəbərləri olsun. Mexanizimin uzun müddət işləməsi onu deməyə əsas verir ki, başçılar pulu mütəşəkkil dəstənin köməyilə talayıblar. Aşağılardan yığıb yuxarılara ötürmə prinsipi ilə iş görülüb. Yalnız icra başılarını həbs etməklə işi bitmiş saymaq olmaz. Onların yuxarı postlarda çalışan havadarları da məsuliyyətə cəlb edilməlidir ki, başqalarına dərs olsun”.
Məhəmmədəli QƏRİBLİ