Gənclər və idman naziri Azad Rəhimovun personası ətrafında yaranmış qeyri-müəyyənlik davam edir. Uzun müddətdən bəri ABŞ-da müalicə olunan hökumət üzvünün ölkəyə dönüşünün uzanması söz-söhbətsiz ötüşməyib.
Tabeliyində olan şəxslər nazirin sağlıq durumunun yerində olduğunu desələr də, onun 3 aydan çox ABŞ-da qalması müxtəlif şübhələrə yol açıb. Mediada yayılan xəbərlər də azərbaycanlı nazirin səhhətində müəyyən problemlərin olduğunu deməyə əsas yaradıb. Ən maraqlısı budur ki, mühüm bir sahəni əhatə edən nazirlik 3 aydır ki, rəhbərsiz qalıb. Azad Rəhimovun səhhəti belə ağırdırsa, niyə istefa vermir? Yox, səhhətində ciddi problem yoxdursa, nədən ölkəyə dönüb işinə davam etmir?
Səmayə Məmmədova: “Nə vaxt sağalacaqsa, onda da dönəcək”
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nazirlə bağlı mediaya açıqlamalar verilib: “Bir daha təkrar edirəm, Azad Rəhimov səhhətində olan problemlə bağlı xaricdə müalicə olunur. Əlavə nə açıqlama verməliyik?”
“Nazirin səhhəti hazırda necədir” sualına Səmayə Məmmədovanın cavabı belə oldu: “Yəqin ki, səhhəti yaxşı olsaydı orada olmazdı”.
“Azad Rəhimovun ölkəyə dönüşü yaxın vaxtlarda gözlənilirmi” sualına isə nazirlik rəsmisi “Nə vaxt sağalacaqsa, onda da dönəcək” cavabını verdi.
Sahib Məmmədov: “Hesab etmirəm ki, xəstəlik səbəbindən hansısa nazirin iş başında olmaması həmin qurumun işini iflic etməlidir”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, əvvəla, nazirə Allahdan şəfa diləmək lazımdır: “Nazir vəzifəsi siyasi post sayılır. Onun vəzifəyə təyin edilməsi və azad olunması, Konstitusiyanın tələblərinə uyğun olaraq, Prezident tərəfindən həyata keçirilir. Əmək Qanununvericiliyi və ya dövlət qulluğuna aid məsələ olanda, məsələ başqa cür tənzimlənir. Həmin qanunda göstərilir ki, xəstəlik 6 aydan çox çəkirsə, ya ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən qrup təyin olunur, ya da işə çıxmalıdır. Bu, siyasi post tutan şəxsə şamil edilmir. Belə halda onun vəzifəsini müavinlərdən biri yerinə yetirməlidir. Əmək Məcəlləsində göstərilir ki, işçi ilə onun xəstəliyi dönəmində əmək müqaviləsinə xitam vermək qadağandır. Mən heç vaxt görməmişəm ki, xəstə olduğu dönəmdə kimisə postundan azad etsinlər. Hesab etmirəm ki, xəstəlik səbəbindən hansısa nazirin iş başında olmaması həmin qurumun işini iflic etməlidir. Özü könüllü vəzifədən getməsini xahiş edərsə, onda onun vəzifəsinin icrası Prezident tərəfindən başqasına həvalə olunmalıdır”.
Məhəmmədəli QƏRİBLİ